Xəbərlər
Ukrayna və Rusiya əsirləri dəyişib
Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin "Telegram" hesabında paylaşım edilib.
"İnsanlarımızı evə qaytarmaq Ukraynanın üzərində daima işlədiyi bir məsələdir. Və biz bütün insanlarımızı geri qaytarmayınca dayanmayacağıq. Bu gün daha 25 nəfər vətəndaşımız Ukraynaya geri qaytarılır. Onların arasında Mariupol və Azovstal müdafiəçiləri, eləcə də Xarkov, Donetsk, Zaporojiye və Xerson bölgələrimizdən olan hərbçilər və mülki şəxslər var", - paylaşımda qeyd olunub.
Bildirilib ki, əsirlikdən qayıdan bu şəxslər ciddi yaralar və xəstəliklərdən əziyyət çəkir. Prezident vurğulayıb ki, onların hər biri zəruri tibbi yardımla təmin ediləcək.
Ukrayna dövlət başçısı paylaşımında bu mübadilənin baş tutmasında vasitəçi olan Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.
"Ukrinform"un məlumatına görə, 2024-cü ildə Rusiyanın əsirliyindən 1358 ukraynalı hərbçi və mülki vətəndaş geri qaytarılıb.
Rusiya Müdafiə Nazirliyi də 25 rusiyalı hərbçinin geri qaytarılması ilə bağlı məlumat yayıb.
Moskvanın Ukraynaya qarşı 2022-ci il fevralın sonunda başlatdığı təcavüzkar müharibə 3 ilə yaxındır davam edir. Qərb Rusiyaya ağır sanksiyalar tətbiq edib.
Bələdiyyə seçkiləri ilə bağlı Səbaildən şikayət var
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd Cəmilə Əlişeva ona inzibati əngəllərin yaradıldığını bildirir.
C.Əlişeva deyib ki, 23 saylı Dairə Seçki Komissiyasında (DSK) onun vəkilləri olacaq şəxslər üçün anket vərəqələri verilmir: "Biz dünən, yanvarın 14-də anket vərəqələri üçün gəldik, DSK sədri Əlibala Quliyev bizə dedi ki, 'anketlər qurtarıb, sabah gəlin'. Bu gün də gəlmişik, yenə dedi ki, 'yoxdur'. Mərkəzi Seçki Komissiyasına şikayət etdik, oradan Əlibala müəllimə zəng vururlar, zəngləri açmır. İndi isə ümumiyyətlə çıxıb gedib".
Namizədin sözlərinə görə, anketlər doldurulmalı, sonra isə notariusda təsdiqlənməlidir: "Yalnız bundan sonra vəkillərim öz səlahiyyətlərini icra edə bilərlər. Hazırda təşviqat kampaniyası gedir və bu süni əngəllər bizə kampaniya aparmağa imkan vermir".
23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasından “Turan”a deyilənlərlə bağlı məlumatlı olmadıqlarını bildiriblər və komissiya sədri ilə danışmağı məsləhət görüblər.
Komissiyanın sədri Əlibala Quliyev və Mərkəzi Seçki Komissiyası ilə isə, hələlik, əlaqə saxlamaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Əslində, onun ötən ilin sonunda keçirilməsi gözlənirdi. Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir. Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar. Milli Məclisin üzvləri bu barədə tənqidlərə cavab verərkən gecikməni ötən il noyabrın 11-dən 22-dək Bakıda COP29 konfransının keçirilməsi ilə əlaqələndiriblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. Namizədlərin isə təqribən iki dəfə çox - 16 min olduğu açıqlanıb.
Rusiyanın Yerevandakı səfiri XİN-ə çağrılıb
Rusiyanın Yerevandakı səfiri bu gün Ermənistan Xarici İşlər Nazirliyinə çağrılıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, yanvarın 12-də Rusiya dövlət televiziyasında yayımlanan "Həftəlik Xəbərlər" proqramında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirilmiş fikirlərlə əlaqədar rusiyalı diplomat XİN-ə dəvət olunub.
Görüşdə rusiyalı səfirə müvafiq etiraz məktubu təqdim olunub.
Bu etiraz ikitərəfli münasibətlərin o qədər də hamar getmədiyi bir vaxta təsadüf edir. Bunu yanvarın 14-də keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib. O, Moskva və Yerevan arasında münasibətlərinin hazırda mürəkkəb olduğunu deyib.
Lavrov Ermənistan hökumətinin Avropa İttifaqına qoşulma prosesinə başlamaq üçün layihəni təsdiqləmək qərarına toxunaraq qeyd edib ki, bu, Yerevanın suveren seçimidir, lakin müsbət və mənfi tərəfləri ölçüb-biçmək lazımdır: “Ermənistanın qanuni rəhbərliyinin gözlənilən yerdə istənilən beynəlxalq təşkilata qoşulma prosesinə başlamaq qərarı suveren qərardır. Amma bütün müsbət və mənfi cəhətləri ölçüb-biçmək, istisadi sektorla məşğul olanların məsuliyyətidir”, – Sergey Lavrov qeyd edib.
Ermənistan Nazirlər Kabinetinin ötən həftə təsdiqlədiyi sözügedən sənəddə ayrıca vurğulanır ki, "Ermənistan Aİ-yə üzvlük prosesinin başladığını elan edir".
Mətbuat konfransında Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədə toxunan Rusiya xarici siyasət idarəsinin rəhbəri Yerevanın bu qərarını da suveren hesab etdiyini deyib. O bildirib ki, Moskva Ermənistana kiminlə əməkdaşlıq edəcəyini diktə etmir.
“Biz də Qərb ölkələri ilə bir sıra müqavilələrdə “strateji tərəfdaşlıq” terminologiyasından istifadə etmişik, lakin bu sazişlər heç vaxt bu və ya digər iştirakçıdan üçüncü ölkəyə qarşı hərəkət etməyi tələb etməyib”, – Lavrov bildirib.
Yanvarın 14-də ABŞ və Ermənistan strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sənəd imzalayıblar. Bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona işgüzar səfəri zamanı baş tutub.
Azər Qasımlı evə buraxılmadı
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbsdən buraxılması ilə bağlı vəsatət təmin olunmadı.
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsində A.Qasımlı barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət təmin olunmayıb.
Vəsatəti müdafiə tərəfi vermişdi.
Vəkil Aqil Layıc bildirib ki, Azər Qasımlının cinayət törətmədiyi hamıya məlumdur: "İttihamın nə maddi, nə prosesual əsası olmadığı üçün biz ev dustaqlığı ilə bağlı vəsatət vermişdik. Məhkəmə təmin etmədi".
Vəkil qeyd edib ki, məhkəmə prosesində Azər Qasımlı da cinayət törətmədiyini, faliyyətinə görə həbs edildiyini bildirib.
A.Layıc vurğulayıb ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
Azər Qasımlı 2024-cü ilin dekabrın 8-də, saxıanıb və bir gün sonra haqqında həbs qəti imkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə təqsirləndirilir.
Azər Qasımlı özü ittihamı qəbul etmir.
Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində onun barəsində Yasamal rayon Məhkəməsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı qərardan apellyasiya şikayətinə baxılmışdı və şikayət də təmin edilməmişdi.
Cənubi Koreya prezidenti həbs edilib
Cənubi Koreya prezidenti Yun Sok Yol həbs edilib. Bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Bu, ölkə tarixində ilk dəfə olaraq müvəqqəti vəzifəsindən uzaqlaşdırılmış, amma hələ də hakimiyyətdə olan prezidentin həbs olunması halıdır.
Agentliyin mənbələri bildirib ki, məhkəmə Yun Sok Yolun həbsini üç ittiham üzrə təsdiqləyib. Bunlar vəzifə səlahiyyətlərindən sui-istifadə, konstitusiyaya zidd olaraq hərbi vəziyyətin tətbiqi cəhdi və üsyan təşəbbüsüdür.
Prezidentin həbsi orderi ikinci cəhddə uğurlu olub. Yanvarın 15-də səhər saatlarında təxminən 200 polis əməkdaşı və Korrupsiyaya Qarşı Mübarizə Bürosunun 40 müstəntiqi onu dindirmək üçün prezidentin iqamətgahına gəlib. Lakin onlar daha əvvəl də olduğu kimi (3 yanvarda da buna cəhd etmişdilər) prezidentin mühafizə xidmətinin müqaviməti ilə qarşılaşıblar.
Təxminən iki saat yarımdan sonra üç cərgə baryeri aşan və nərdivanlardan istifadə edən polis əməkdaşları və müstəntiqlər binaya daxil ola biliblər.
Yun yaydığı qısa video-müraciətində bildirib ki, o, hələ də həbsini qanunsuz sayır, lakin qan tökülməsinin qarşısını almaq üçün tədqiqatçılara və polisə tabe olmağa qərar verib.
Seul məhkəməsi 2024-cü il dekabrın 31-də prezidentin həbsini və onun rezidensiyasının axtarışını həyata keçirmək üçün order verib. Bundan əvvəl isə yüksək vəzifəli dövlət məmurları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Yun Sok Yola üç çağırış verilib. Prezident bu çağırışlara cavab vermədikdən sonra məhkəmə müvafiq orderi verib.
Prezidentin impiçmenti
Qeyd edək ki, dekabrın 14-də Cənubi Koreya parlamenti ikinci cəhddə ölkə prezidentinin impiçmentini dəstəkləyib. İlk səsvermə zamanı Yun Sok Yolun vəzifədən uzaqlaşdırılması üçün kifayət qədər səs toplanmamışdı.
İmpiçmentə Yun Sok Yolun dekabrın 3-də “Şimali Koreyanın yerli tərəfdarlarına qarşı mübarizə aparmaq üçün” hərbi vəziyyət elan etməsi səbəb olub. Altı saat qüvvədə olan fərman siyasi partiyaların işini, etiraz aksiyalarını, tətilləri yasaqlamış, senzura və hərbi tribunallar tətbiq etmişdi. Bu, həm Seul küçələrində, həm də parlamentdə genişmiqyaslı etirazlara səbəb olub. Hərbçilərin binaya basqın etməsi zamanı deputatlar prezidentin qərarının ləğvinə səs veriblər. Bundan sonra o, qanunla fərmanı ləğv etməyə məcbur olub. Dekabrın 7-də prezident hərəkətinə görə televiziya çıxışında üzr istəyib.
Yun Sok Yol sağçı qüvvələrin nümayəndəsidir. O, 2022-ci ildə prezident seçilib.
Lavrov Moskvanın Kiyevə təhlükəsizlik zəmanətini hansı halda verəcəyini deyib
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Kiyev üçün təhlükəsizlik zəmanəti ilə bağlı müzakirələrə başlamağa hazır olduğunu deyib.
Bu barədə Rusiyanın xarici işlər naziri mətbuat konfransında danışıb. O bildirib ki, bu müzakirələrin başlaması üçün ilk olaraq daha irimiqyaslı təhlükəsizlik məsələlərinin həlli ilə bağlı razılığa gəlmək lazımdır.
Lavrov Rusiyanın qərbində - Avropa ilə sərhəddə təhlükələrin aradan qaldırılmalı olduğunu deyib.
Ukrayna prezidenti Volodimir Zelenski bu ayın əvvəlində bildirib ki, Kiyev üçün təhlükəsizlik zəmanətləri yalnız Birləşmiş Ştatlar tərəfindən təmin olunarsa, təsirli olacaq. Lakin belə bir təminat olmadan atəşkəs razılaşması Rusiyaya sadəcə silahlanmağa vaxt verəcək.
Zelenski həmçinin Ukraynanın NATO-ya üzv olmasına icazə verilməsini tələb edir. Lakin Rusiya bunu rədd edir və bu üzvlüyün qarşısını almaq üçün müharibəyə getdiyini deyir.
Kiyev narahatdır ki, Tramp münaqişəni tez zamanda yekunlaşdırmaqla bağlı vədini yerinə yetirmək üçün ABŞ-nin hərbi dəstəyini geri çəkərsə, Ukrayna ciddi güzəştlərə getməyə məcbur qalacaq.
Lavrov: "Tramp və komandası reallıqların fərqindədir"
Mətbuat konfransında Lavrov həmçinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bu münaqişənin sonlandırılması ilə bağlı mövqeyinə də münasibət bildirib. Lavrov deyib ki, Rusiya Tramp və onun komandasının Ukraynadakı "reallıqları" görməsini qeydə alıb. Onun sözlərinə görə, Moskva ABŞ-də hakimiyyətə gələcək yeni administrasiyanın "yerdə reallıqları daha tez-tez dilə gətirməyə başlamasını alqışlayır". O, həm Trampın, həm də Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Valtsın şərhlərinə istinad edib. Valts bazar günü ABC telekanalına müsahibəsində deyib ki, "müharibə diplomatik yollarla hansı bir formadasa bitməlidir".
"Mən bütün rusları Ukrayna torpağının hər qarışından, hətta Krımdan da qovacağımızı söyləməyi real hesab etmirəm. Prezident Tramp bu reallığı etiraf edib. Düşünürəm ki, bu, irəliyə doğru böyük bir addım idi və bütün dünya bu reallığı qəbul edir. Gəlin indi irəliləyək", - o deyib.
Rusiya təxminən üç ildir ki apardığı işğalçı müharibədən sonra Ukrayna torpaqlarının təxminən beşdə birinə nəzarət edir. Moskva iddia edir ki, münaqişəni sona çatdırmaq üçün istənilən razılaşmada bu fakt nəzərə alınmalıdır.
'Reuters': Rusiyadan neft daşıyan 65 tanker ABŞ sanksiyaları üzündən ilişib
Yanvarın 10-da ABŞ-nin yeni sanksiyalar paketini elan etməsindən sonra Rusiya neftini daşıyan ən azı 65 tanker lövbər salıb.
"Reuters" agentliyi "MarineTraffic" və LSEG gəmilərin hərəkət monitorinqi xidmətlərinin məlumatlarına əsasən bildirir ki, həmin tankerlərdən beşi Çin limanlarında, daha yeddisi Sinqapurda "ilişib". Digərləri isə Baltik dənizi və Uzaq Şərqdə Rusiya yaxınlığında dayanıb. İran limanları və Süveyş kanalına yaxın sularda da dayanmış daha 25 neft tankeri qeydə alınıb.
Yanvarın 13-də iki milyon bareldən çox Rusiya nefti daşıyan üç tankerin isə Çinin şərq sahillərindəki sularda lövbər saldığı müəyyən olunub. "Bloomberg" bildirib ki, bu tankerlərə yaxın ərazilərdəki limanlara giriş icazəsi verilməyib. Şandun əyalətindəki limanları idarə edən şirkət sanksiyaya düşmüş tankerlərin girişinə qadağa qoyub.
"Reuters"in məlumatına görə, Rusiya neftinin digər əsas alıcısı Hindistan da ABŞ sanksiyalarına məruz qalmış tankerləri boşaltmaqdan imtina edəcək. Yalnız yanvarın 10-dan əvvəl icarəyə götürülmüş gəmilər, martın 12-dən əvvəl boşaldılması şərti ilə, istisna olacaq. Bundan əlavə, Hindistan bankları neftin sanksiya qoyulan tədarükçülərdən gəlmədiyinə əmin olmaq üçün onun mənşə sertifikatlarını tələb edəcək.
ABŞ Maliyyə Nazirliyi ötən həftə Rusiyanın neft hasilatçıları "Qazprom Neft" və "Surqutnefteqaz"a sanksiyalar tətbiq edib. Bu şirkətlərlə dollar və ya Amerika maliyyə sistemindən istifadə etməklə maliyyə əməliyyatları aparmaq qadağan olunub. Rusiyanın ən böyük gəmiçilik şirkəti "Sovkomflot"a qarşı sanksiyaların müddəti növbəti dəfə uzadılıb. Məhdudiyyətlər Qərbin sanksiyalarını pozaraq müxtəlif ölkələrin bayraqları altında Rusiya neftini və neft məhsullarını daşıdığı iddia edilən 183 tankerə şamil olunub.
NATO Baltik dənizinin təhlükəsizliyini gücləndirir
NATO baş katibi Mark Rutte Baltik regionunda kritik infrastrukturun qorunması üçün yeni hərbi təşəbbüsü elan edib. Bu barədə NATO baş katibi Baltik dənizi sahilində yerləşən ölkələrin liderlərinin iştirakı ilə Helsinkidə keçirilən sammitdə bəyan edib.
Sammit zamanı Baltik regionu ölkələrinin liderləri kritik sualtı infrastruktura artan təhdidləri müzakirə ediblər.
Sabotaj aktlarının enerji və rabitə xətlərinə ciddi zərər vurduğunu deyən NATO rəhbəri bu istiqamətdə müttəfiqlər arasında əməkdaşlığın gücləndiriləcəyini bildirib. "Müttəfiqlərlə birlikdə təkcə kritik infrastrukturu deyil, dəyər verdiyimiz hər şeyi qorumaq üçün lazım olan bütün tədbirləri görəcəyik", - o vurğulayıb.
"Baltic Sentry" adlı yeni hərbi təşəbbüs NATO-nun Baltik dənizindəki hərbi mövcudluğunu artıracaq.
Baltik dənizində kritik sualtı infrastrukturu qorumaq və təhdidlərə qarşı effektiv mübarizə məqsədilə bu təşəbbüs çərçivəsində NATO freqatlar, dəniz patrul təyyarələri və digər vasitələrdən istifadə edəcək. Eyni zamanda, dəniz dronlarında ibarət kiçik bir donanma da əraziyə yerləşdiriləcək. "Gəmi kapitanları anlamalıdır ki, infrastrukturumuza yönəlmiş hər hansı potensial təhdidin ciddi nəticələri olacaq. Bu nəticələr arasında gəminin yoxlanılması, müsadirə və kapitanın həbsi də ola bilər", - NATO baş katibi xəbərdarlıq edib.
Azərbaycan 1.6 milyon avro təzminat ödəyəcək
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə qərar verib.
AİHM-nin qərarı Bakıda "Qış parkı"nın inşası zamanı həmin ərazidən köçürülən şəxslərin ərizələri əsasında verilib.
AİHM hələ 2022-ci ildə bu iş üzrə bir çox mülkiyyətçilərin hüquqlarının pozulduğunu müəyyən edib və kompensasiya məsələsinin həlli üçün vaxt vermişdi.
Yanvarın 14-də isə AİHM hökumətin 18 ərizəçilərə 1 milyon 693 min avro məbləğində maddi və mənəvi zərərə görə təzminat ödəməsi ilə bağlı qərarını açıqlayıb.
Bakının mərkəzində inşa edilən "Qış parkı" 2013-cü ildə istifadəyə verilib. Ərazi 7 hektardan ibarətdir. Söküntü işləri zamanı bəzi ailələr verilən kompensasiyanı (hər kvadrata 1500 manat ödənilirdi) yetərli saymayaraq köçməkdən imtina ediblər. Həmin zaman bəzi ailələrin ərazidən zorla çıxarıldığı, evlərinin onlarla razılaşdırılmadan söküldüyü bildirilir.
Almaniyanın müdafiə naziri Kiyevə gedib
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya gözlənilməz səfər edib.
Almaniya mətbuatı xəbər verir ki, təhlükəsizlik səbəbindən müdafiə nazirinin Kiyevə səfəri barədə daha əvvəldən məlumat verilməyib.
Kiyevə gedən Almaniya müdafiə naziri DPA agentliyinə bildirib ki, səfərin məqsədi Ukraynaya dəstəyi nümayiş etdirməkdir: "Ən vacib məqsədimiz psixoloji və siyasi cəhətdən aydın şəkildə göstərməkdir ki, biz Ukraynanın yanında olmağa davam edəcəyik".
O, həmçinin həm cəbhə xəttindəki vəziyyət, həm də Ukraynanın hərbi sənaye imkanları haqqında daha aydın təsəvvür əldə etmək istədiyini bildirib.
Səfəri çərçivəsində Almaniyanın müdafiə naziri Ukrayna hökuməti ilə görüşərək gələcək hərbi yardımı və hərbi vəziyyəti müzakirə edəcək.
Yanvarın 13-də Pistorius Varşavada Polşa, Böyük Britaniya, Fransa və İtaliyadan olan həmkarları ilə görüşüb.
Avropanın güclü hərbi imkanlarına sahib bu beş ölkə gələn həftə ABŞ-də başlayacaq Donald Tramp prezidentliyinin Ukrayna üçün nə gətirəcəyindən asılı olmayaraq, Kiyevi Avropanın davamlı dəstəyinə arxayın etməyə çalışır.
Bayden ABŞ-nin Rusiya və Çindən daha güclü olduğunu deyib
ABŞ prezidenti Co Bayden ölkəsinin iqtisadi və hərbi baxımdan daha güclü olduğunu və dörd il əvvəlki ilə müqayisədə daha çox müttəfiqə sahib olduğunu bildirib.
Bu barədə prezident Bayden yanvarın 13-də Dövlət Departamentində çıxışı zamanı deyib. Bu çıxış onun ayın sonunda vəzifədən ayrılmağa hazırlaşdığı bir vaxtda administrasiyasının fəaliyyətinin yekunu kimi qiymətləndirilib.
Bayden çıxışında vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiya və Çin kimi rəqibləri ilə müqayisədə mövqeyini daha da gücləndirib.
"Dörd il əvvəl bu vəzifəyə başladığımız vaxtla müqayisədə rəqiblərimiz indi daha zəifdir. Gəlin Rusiyaya nəzər salaq. Putin Ukraynaya hücum etdi. O, Kiyevi bir neçə gün ərzində fəth edəcəyini düşünürdü. Amma həqiqət budur ki, həmin müharibə başlayandan bəri Kiyevin mərkəzində dayanmış yeganə şəxs mən olmuşam, o yox", – deyən Bayden keçən il münaqişə bölgəsinə etdiyi səfəri xatırladıb.
Çıxışında ABŞ-nin müdafiə sənayesinə qoyulan investisiyalara toxunan Bayden deyib ki, onun administrasiyası ABŞ-nin müdafiə sənaye bazasını yenidən qurub. Onun dördillik prezidentliyi dövründə satınalma və tədqiqat-inkişaf işlərinə təxminən 1.3 trilyon dollar sərmayə qoyulub.
O əlavə edib ki, rəqiblərin çətinliklərlə üzləşdiyi bir vaxtda ABŞ iqtisadiyyatı güclənib və onun ölkəsi onilliklər boyu dünyanın ən böyük iqtisadiyyatı olaraq qalacaq.
"Mənim administrasiyam növbəti administrasiyaya çox güclü bir irs qoyur. Amerika yenidən liderlik edir", – Bayden vurğulayıb.
O, yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Donald Trampa çağırış edərək Birləşmiş Ştatların süni intellekt sahəsində lider mövqeyini qorumasını istəyib. Bayden bildirib ki, bu yeni texnologiya iqtisadiyyatları, hökumətləri və milli təhlükəsizliyi yenidən formalaşdırmaq gücünə malikdir.
Bayden həmçinin Trampı təmiz enerji keçidini ciddi qəbul etməyə çağırıb. O, iqlim dəyişikliyini "bəşəriyyət üçün ən böyük mövcud təhlükə" adlandırıb.
ABŞ dövlət başçısı Çinin xammaldan istehsala qədər təmiz enerji sənayesində üstünlük qazanmağa çalışdığını diqqətə çatdırıb. O, bunun ABŞ-ni Pekindən asılı vəziyyətə sala biləcəyi barədə xəbərdarlıq edib.
"Birləşmiş Ştatlar bu mübarizəni qazanmalıdır",- o vurğulayıb.
Ermənistan, hələlik, Avrasiya İttifaqını tərk etməyi planlaşdırmır
Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan yanvarın 13-də bildirib ki, onun ölkəsi hələlik Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk etməyi planlaşdırmır.
Bu barədə o, Yerevanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəyinə dair Rusiyanın xəbərdarlığına cavab olaraq deyib.
"Aİİ-dən çıxma məsələsi hazırda Ermənistan hökumətinin gündəmində deyil. Heç bir şəraitdə Aİİ-ni başqa bir şeylə əvəz etməyi planlaşdırmırıq. Biz müstəqil olmaq istəyirik, müstəqillik isə yalnız bir qurumdan yox, hamıdan asılı olmaq və hər kəsin müəyyən qədər sizdən asılı olmasıdır", - Papoyan mətbuat konfransında bildirib.
Ermənistan hökumətinin digər bir üzvü, maliyyə naziri Vahe Ovannisyan Aİİ-dən çıxma ehtimalını istisna etməsə də, bunun nə zaman baş verəcəyini bilmədiyini deyib. Nazir bunun ölkəsi üçün "riskli" bir ssenari olacağını etiraf edib.
Ermənistan hökuməti keçən həftə "Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması" ilə bağlı qanun layihəsini təsdiqləyib. Moskva isə bu addımı qınayıb. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bunun "Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı" olduğunu bildirib. O, Ermənistanın Rusiya bazarına rüsumsuz girmək imkanını itirməsi, Rusiyadan təbii qaz və ərzaq alarkən daha yüksək qiymətlər ödəyəcəyi barədə xəbərdarlıq edib.
Ermənistan hökumətinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Rusiyanın Ermənistanın xarici ticarətindəki payı 41 faizi keçib, Avropa İttifaqının payı isə 7.5 faiz olub. Aİ ilə ticarət 14 faiz azalıb və 2.1 milyard dollar təşkil edib.
Rusiya-Ermənistan ticarəti 2022-ci ildən bəri kəskin artıb, erməni sahibkarlar Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalardan yararlanıblar. Rusiya həmçinin Ermənistanın əsas təbii qaz və nüvə yanacağı tədarükçüsüdür.
Ermənistan "Qazprom" şirkətinə Rusiyadan aldığı hər min kubmetr qaz üçün 165 dollar ödəyir. Hazırda Aİ-də topdansatış qaz qiymətləri bundan üç dəfə yüksəkdir.
Paşinyan və Aİ Şurasının Prezidenti Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər
Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta arasında telefon danışığı olub.
Bu barədə Ermənistan mətbuatı baş nazirin ofisinə istinadən məlumat yayıb.
Telefon danışığı zamanı Baş nazir Nikol Paşinyan Aİ Şurasının Prezidentinə Azərbaycan - Ermənistan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.
Ermənistan baş naziri ölkəsi ilə Aİ arasında əməkdaşlığın hazırkı durumundan məmnunluğunu da ifadə edib. Xatırladaq ki, Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesini başlatmaq üçün qanun layihəsini təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Aİ Şurasının Prezidenti Azərbaycan prezidenti ilə də telefon əlaqəsi saxlayıb.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı. Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.
KİV: İsrail və HƏMAS yekun razılaşmaya 'çox yaxındır'
Qəzza zolağında atəşkəs və Qərbin terrorçu kimi tanıdığı HƏMAS qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı Doha danışıqlarında tərəflər razılığa "çox yaxındır". Bu barədə İsrail və Qərb mediası danışıqlar barədə məlumatlı mənbələrə istinadən yazırlar.
"Reuters" bildirir ki, yanvarın 13-nə keçən gecə Qətər və ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda "sıçrayış" əldə edilib. Qeyd olunub ki, İsrailin xüsusi xidmətləri – "Mossad" və ŞABAK-ın rəhbərləri Qətərdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın nümayəndəsi Stiv Vitkoff və Qətərin baş naziri Məhəmməd Əl-Tani ilə görüşüblər.
Bazar ertəsi səhər Qətərin atəşkəs sazişi layihəsinin yekun variantını İsrail və HƏMAS nümayəndələrinə təqdim etdiyi bildirilir.
Bayden administrasiyası tərəflər arasında razılaşmanın əldə olunmasına çalışır
Bazar günü axşam saatlarında ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Ağ evdən verilən məlumata görə, bir həftə sonra prezident kürsüsünü Trampa təhvil verəcək Bayden dərhal atəşkəs, girovların qaytarılması və Qəzzaya humanitar yardımın vacibliyini vurğulayıb. Netanyahunun ofisindən verilən açıqlamada qeyd olunub ki, o, Baydenə Qətərdəki danışıqların gedişi haqqında məlumat verib.
C.Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan da CNN-ə müsahibəsində İsrail və HƏMAS arasında danışıqlarda irəliləyişin olduğunu bildirib. Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyası razılığın əldə olunmasını təmin etmək üçün bütün səylərini göstərir və razılaşma hətta Trampın andiçməsindən (20 yanvar) əvvəl də mümkündür. ABŞ-nin yeni seçilmiş vitse-prezidenti Cey Di Vens də sazişin Trampın vəzifəyə başlamasından əvvəl bağlanacağını ehtimal edir.
İsrail və HƏMAS arasında razılaşmanın yekun variantının məzmunu ilə bağlı, hələlik, heç bir təfərrüat yoxdur. Əvvəllər bildirilmişdi ki, danışıqlarda HƏMAS-ın saxladığı 99 israilli girovun mərhələli şəkildə buraxılması, Qəzza zolağında atəşkəs və bufer zona istisna olmaqla, İsrail ordusunun oranı tərk etməsi müzakirə olunur. Razılaşma həmçinin bəzi fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsini nəzərdə tutur.
HƏMAS-ın nəzarətində olan Qəzzada hazırkı döyüşlər bu qruplaşmanın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra başlayıb. HƏMAS-ın İsrailə bu hücumunda 1200-ə yaxın şəxs öldürülüb, 250-yə yaxın şəxs girov götürülüb. Hücumun ardınca İsrail Qəzzada genişmiqyaslı hərbi əməliyyata başlayıb. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin apardığı hərbi əməliyyatlar nəticəsində Qəzzada 46 mindən çox sakin həlak olub.
İsrailin hərbi əməliyyatları nəticəsində HƏMAS-ın bir sıra yüksək səviyyəli liderləri də öldürülüb və hərbi infrastrukturunun bir hissəsi məhv edilib.
ABŞ İsraili dəstəkləməklə yanaşı, onu Qəzzada atəşkəs razılaşmasına nail olmağa çağırır.
Aİ Ukrayna və Moldovaya 148 milyon avro ayırır
Avropa İttifaqı (Aİ) humanitar məqsədlər üçün Ukrayna və Moldovaya maliyyə yardımı ayırıb. Bu barədə Avropa Komissiyasının rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Ukraynadakı humanitar layihələr üçün ayrılmış maliyyə vəsaitinin həcmi 140 milyon avrodur. Bu vəsait qida, sığınacaq, təmiz su, səhiyyə kimi xidmətlərə yönəldiləcək. Məqsəd Ukraynanın şərqi və cənubunda müharibədən təsirlənmiş əhaliyə dəstək verməkdir.
Moldovadakı humanitar layihələrə isə 8 milyon avro ayrılıb. Vəsaitin ayrılmasında məqsəd bu ölkədəki ukraynalı qaçqınlara və onları sığındıran moldovalı icmalara kömək etməkdir.
Qeyd edilib ki, bununla da Avropa Komissiyası tərəfindən Ukraynaya humanitar məqsədlər üçün ayrılmış vəsaitin ümumi həcmi 1.1 milyard avroya çatıb.
Ermənistan hələ ATƏT-dən Minsk qrupunun buraxılmasını xahiş etməyib
Ermənistan hələ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) Dağlıq Qarabağ üzrə Minsk qrupunun buraxılması ilə bağlı müraciət etməyib.
Bu barədə AzadlıqRadiosuna Ermənistan baş nazirinin ofisindən bildirilib.
"Ermənistan Respublikası Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir", - Ofisdən verilən yazılı məlumatda deyilir.
ABŞ, Fransa və Rusiyanın üzv olduğu Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün yaradılıb. Onilliklər ərzində həmsədr ölkələr Azərbaycan və Ermənistan arasında vasitəçilik səyləri göstərib.
Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasının ilkin şərtləri sırasına Minsk qrupunun ləğv olunmasını daxil edib.
Ermənistan baş naziri Nikol Paşinyan 8 yanvar tarixində rəsmi "Facebook" hesabında paylaşdığı postda Minsk qrupunun buraxılması ilə bağlı addımı atmağa hazır olduğunu bəyan edib. Baş nazir ATƏT-in Minsk qrupunun mümkün ləğvini Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə əlaqələndirib. Paşinyanın sözlərinə görə, belə bir addıma cavab olaraq rəsmi Bakı da müasir Ermənistan ərazisinin çox hissəsini "Qərbi Azərbaycan" adlandırmağı dayandırmalıdır.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı. Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.
'Fors-majora baxmayaraq, Azərbaycandan Serbiyaya qaz təchizatı davam edəcək'
Azərbaycandan Serbiyaya qaz nəqlində yaranmış fasilə aradan qaldırılıb.
Bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç yanvarın 12-də X hesabında paylaşımında bildirib.
"Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm", - Serbiya liderinin paylaşımında deyilir.
10 yanvar
Vuçiç: 'Azərbaycandan qaz tədarükü müvəqqəti dayandırılıb'
Azərbaycan "Şahdəniz" qaz yatağındakı vəziyyətlə bağlı Avropanın daha bir ölkəsinə – Serbiyaya qaz nəqlini müvəqqəti dayandırıb.
Bu barədə Serbiyanın prezidenti Aleksandar Vuçiç bildirib.
"Səhər bizə daha bir pis xəbər çatdı. Azərbaycanlı dostlarımızdan məlumat aldıq ki, bugündən (yanvarın 10-dan) etibarən gündəlik aldığımız 1.7 milyon kubmetr qaz tədarükünə artıq güvənə bilməyəcəyik. Artıq rezervlərimizdən daha ehtiyatlı şəkildə istifadə etməyə başlayacağıq. Mənə əvvəllər "dəlisov Vuçiç" deyənlər indi görəcəklər ki, ehtiyat toplamaq qərarımız nə qədər düzgün olub. Ümid edirəm ki, bir və ya iki aya bu məsələni həll edəcəklər. Əks halda, növbəti dörd ay ərzində ehtiyatlardan istifadə etməyə davam edəcəyik. Amma qaz və neft çatışmazlığı olmayacaq", –prezident deyib.
"Politico" nəşri Serbiyanın neft və qaz şirkəti "Naftna Industrija Srbije"nin (NIS) Rusiya ilə əlaqələrinə görə ABŞ sanksiyalarına məruz qaldığı bir zamanda Azərbaycandan qazın nəqlində yaranan fasilənin Vuçiçin Qərb, Rusiya və Çin arasında saxlamağa çalışdığı həssas geosiyasi balansa təhdid kimi xarakterizə edib.
+++
Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Cənub-Şərqi Avropanın böyük bir hissəsi, eləcə də İtaliya üçün alternativ qaz mənbəyi kimi çıxış edir.
Yanvarın 10-da "Şahdəniz" qaz yatağının texniki operatoru olan "BP-Azerbaijan" şirkəti yataqdakı "Alpha" platformasının işini dayandırdığını açıqlayıb. Şirkət bunu kondensatın (qazla birlikdə çıxan neft) nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən olduğunu bildirib.
"Şahdəniz" qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi 2018-ci ildə işə düşüb.
AXCP üzvü 30 sutka həbs edilib
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Əlisahib Kərimovun Yasamal rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.
Bu barədə AXCP-dən AzadlıqRadiosuna məlumat veriblər.
Partiyadan vurğulandığına görə, hadisə ilə bağlı Ə.Kərimov özü yanvarın 11-də telefonla ailəsinə xəbər verib.
Açıqlamaya görə, xalq cəbhəsi üzvü deyib ki, yanvarın 10-da metronun "Nizami" stansiyasında polislər onu saxlayıblar və daha sonra həmin gün əsassız olaraq polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırılıb.
"Onu Tik-Tok şəbəkəsində paylaşımlarına görə cəzalandırırlar. O özünü günahkar saymır",- AXCP-dən vurğulayıblar.
Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Hazırda müxalifətdə olan AXCP-nin 12 üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Los-Ancelesdə yanğınlarda ölənlərin sayı 24-ə çatıb
Kaliforniyada ötən həftədən davam edən yanğınlar nəticəsində ölənlərin sayı 24-ə yüksəlib.
Bu barədə Los-Anceles məhkəmə-tibbi ekspertiza departamentinin rəsmi saytında məlumat verilib. Ölənlərdən, hələlik, iki nəfərin şəxsiyyəti müəyyən edilib.
Ölüm faktının 16-sı yanğınların baş verdiyi İton, səkkizi isə Palisades bölgəsində qeydə alınıb.
"The Associated Press" xəbər verir ki, ən azı 16 nəfərin itkin düşdüyünü bildirən səlahiyyətlilər bu sayın artacağından narahatdır.
Sinoptiklər isə yanğınları daha da sürətləndirən küləyin bu həftə yenidən güclənəcəyi barədə xəbərdarlıq ediblər. Metroloji xidmətin məlumatına görə, həftəsonu sakit keçən havalardan sonra quru "Santa-Ana" küləkləri bazar günü gecədən çərşənbə gününə qədər yenidən güclənəcək və sürəti 96 km/saata çatacaq.
"USA Today"in xəbərinə görə 153 mindən çox sakin təxliyə əmri altındadır və daha 166 min sakinə evlərini evakuasiya etməli ola biləcəyi barədə xəbərdarlıq olunub.
Kaliforniyadakı yanğınlarla mübarizə aparan yerli yanğınsöndürənlərə səkkiz ştatdan, habelə Kanada və Meksikadan gələn ekipajlar kömək edir.
Davam edən bu meşə yanğınları ABŞ tarixinin ən bahalı yanğınlarından biri kimi qiymətləndirilir. Belə ki, "Accuweather" şirkəti yanğınlar nəticəsində yaranan maliyyə itkiləri ilə bağlı ilkin rəqəmləri açıqlayıb. Bu rəqəm 250-275 milyard dollar arasındadır.
10 yanvar
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu evakuasiya edilib
Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.
Bu barədə "Turan"a Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, buna baxmayaraq, baş konsulluğun fəaliyyəti distant qayada davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.
+++
Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı 10-a yüksəlib.
CNN bu barədə Los-Anceles məhkəmə-tibbi ekspertiza departamentinin rəsmisinə istinadən məlumat yayıb.
Departamentin rəsmisinin sözlərinə görə, yanvarın 9-u axşam saatlarına qədər yanğınlarda 10 nəfərin ölməsi barədə məlumat daxil olub.
Yanvarın 7-dən ABŞ-nin Kaliforniya ştatında meşə yanğınları davam edir. Güclü külək və rütubətin aşağı olması vəziyyəti daha da ağırlaşdırıb. Bu, ştatın tarixində ən dağıdıcı yanğınlardan biri hesab olunur.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti yanğınsöndürənlərin alovun üçdə birindən çoxunu nəzarətə götürdüyünü bildirib. Departamentdən bildirilib ki, hava şəraiti yaxşılaşdıqca, yanğının qarşısının alınması prosesi sürətlənəcək.
Yanğın nəticəsində indiyədək minlərlə ev və müəssisə məhv olub, 180 minə yaxın sakin təxliyə edilib. Yanğın genişlənərsə, daha 200 min sakinin təxliyə edilməsi gözlənilir.
ABŞ prezident Co Bayden fövqəladə vəziyyətin nəticələri ilə mübarizə və təbii fəlakət qurbanlarına yardımı sürətləndirmək üçün Kaliforniya ştatında fəlakət rejimi elan edib.
Nyu-York məhkəməsi Trampı 'şərtsiz azaqlıq'da saxladı
Nyu-York məhkəməsi pornoaktrisa Stormi Danielsə 130 min dollar ödəndiyini ört-basdır etmək üçün sənədləri saxtalaşdırdırma işinə baxaraq, ABŞ-nin seçilmiş prezidenti Donald Trampa "şərtsiz azadlıq" verdi. Həmin məbləğ guya aralarındakı seksual münasibətləri açıb-ağartmamaq və 2016-cı ildə onun prezident seçilməsini əngəlləməsin deyə, sözügedən aktrisaya ödənilibmiş.
Tramp, əvvəlki kimi, yenə işgüzar sənədlərin 14 epizodunun saxtalaşdırılmasında günahkar sayılıb. Nyu-Yorkun andlılar məhkəməsi ötən yazda belə hökm çıxarsa da, məhkəmə prezident hakimiyyətinə sayqını əsas götürərək Trampı cəzadan azad etmişdi.
Tramp günahsızlığında israr edərək məhkəmə prosesini və hökmü siyasi akt, pul köçürmələrini də mühasib səhvi adlandırmışdı. Seçilmiş prezident 2025-ci il yanvarın 4-də "Truth Social" sosial şəbəkəsində sözügedən məhkəmə işini "ifrit ovu" və "siyasi hücum" saydığını bildirərək yazmışdı: "Bu, nəinki zaman məhdudiyyəti olmayan, həm də mövcud olmayan və əslinə baxanda, heç vaxt qaldırılmalı olmayan bir işdir. Bu, siyasi hücumdur".
D.Tramp ABŞ tarixində cinayət əməlində suçlanan ilk keçmiş prezidentdir. Ona qarşı toplam dörd cinayət işi açılıb. O, biznes hesabatını saxtalaşdırmaqdan başqa, sənədləri gərəkən qaydada qorumamaqda və iki cəhddə - 2020-ci ildəki prezident seçkilərinə müdaxilədə və 2021-ci ilin yanvarında hakimiyyəti ələ keçirməkdə suçlanıb. Daha öncə xüsusi prokuror onu gizli sənədləri saxlamaq və seçkiyə müdaxilə işlərində suçlu saymaqdan imtina edib.
Ukrayna Aİ-dən G7 kreditinin 3 milyard avroluq ilk tranşını alıb
Rəsmi Kiyev G7 ölkələri qrupu tərəfindən Ukrayna üçün razılaşdırlmış Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) kreditindən Avropa İttifaqının payını alıb.
Bu barədə Ukrayna baş naziri Denis Şmıqal "Telegram" hesabında bildirib.
Baş nazirin sözlərinə görə, 3 milyard avroluq bu kredit Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlir hesabına qaytarılacaq: "Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə qaytarılacaq Aİ kreditinin ilk tranşıdır".
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas də bununla bağlı "X" hesabında paylaşım edib. O bildirib ki, bu müharibəni başladan Rusiyadır və ona görə də bunun əvəzini ödəməlidir.
"Bu gün Ukrayna G7 kreditimizdən 3 milyard avro alır və bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödəniləcək. Bu, Ukrayna iqtisadiyyatını dəstəkləyəcək və bununla da Ukraynanın öz vəsaitləri müdafiəyə xərclənəcək", - Kallas qeyd edib.
Casusluqda suçlanan İsveçrə vətəndaşı İranda ölü tapılıb
Rəsmi Tehranın casusluqda suçladığı İsveçrə vətəndaşı həbsxanada ölü tapılıb. İran rəsmilərin fikrincə, ölümə səbəb intihar olub.
İran ədliyyəsinin "Mizan" xəbər agentliyinin bilgisinə görə, güvənlik orqanları İsveçrə vətəndaşını casusluğa görə həbs etdiyindən bu işin istintaqı aparılırdı. Onun yanvarın 9-da Semnan həbsxanasında intihar etdiyi bildirilir.
İsveçrə XİN AzadlıqRadiosunun "Fərda" xidmətinə göndərdiyi elektron məktubunda bildirib ki, məsələylə bağlı məlumatlıdır və indi detalları aydınlaşdırır.
"İsveçrə Xarici İşlər Nazirliyi (FDFA) İranda İsveçrə vətəndaşının öldüyünü təsdiqləyir. İsveçrənin Tehrandakı səfirliyi İran həbsxanasında ölüm ortamına aydınlıq gətirmək üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır", - nazirliyin rəsmi nümayəndəsi Pyer-Alen Elçinqer belə deyib.
FDFA-nın nümayəndəsi mərhumun qohumlarına konsul dəstəyi göstəriləcəyini bildirib.
Semnan vilayətinin baş hakimi Məhəmməd Sadeq Əkbərinin sözlərinə dayanan "Mizan" bildirib ki, isveçrəli başqa bir şəxslə eyni kamerada cəzasını çəkib və tək olarkən intihar edib.
Mərhumun adını açıqlamayan Əkbəri digər detalları söyləməsə də, onun məhz intihar nəticəsində öldüyünü deyib.
İsveçrəliyə qarşı irəli sürülən ittihamların təfərrüatı açıqlanmır.
Xatırlatma
İranda 3 il öncə də bir isveçrəli diplomat müəmmalı ortamda vəfat etmişdi. İran mediası onun Tehran yaxınlığında çoxmərtəbəli binadan yıxılması nəticəsində öldüyünü bildirmişdi. İsveçrə rəsmiləri mərhumun kimliyini və hadisənin detallarını açıqlamamışdı.
Dekabr ayında İsveçrə Baş Prokurorluğu diplomatın ölümü ilə bağlı işin bağlandığını və istintaqın üçüncü tərəfin "cinayətkar" müdaxiləsini sübuta yetirmədiyini bildirmişdi. Məlumata görə, İranda meyitin ilkin yarılmasından sonra zərərçəkənin daxili orqanlarının olmaması üzə çıxmış və bu fakt istintaqın gedişini çətinləşdirmişdi.
1979-cu ildəki İslam İnqilabından sonra Vaşinqton və Tehran arasında diplomatik əlaqələr kəsilib. O vaxtdan bəri İsveçrə ABŞ-nin İrandakı diplomatik təmsilçisidir.
Samir Şərifov maliyyə naziri vəzifəsindən çıxarıldı
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib.
Bununla bağlı yanvarın 10-da prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə S.Şərifov baş nazirin müavini təyin edilib.
S.Şərifov 2006-cı ildən bu postu tuturdu. O, 2001–2006-cı illərdə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru olub.
1961-ci ildə doğulan S.Şərifov daha əvvəl də Milli Bank və Xarici İşlər Nazirliyində çalışıb. O, Kiyev Dövlət Universitetini bitirib.
NATO üzvləri Trampın 'ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırmaq' təklifini müzakirə ediblər
ABŞ-də prezident seçilmiş Donald Trampın NATO üzvlərinə ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırmaq təklifi şübhə doğurur. NATO-ya üzv ölkələrin müdafiə nazirləri Ukrayna üzrə Kontakt Qrupunun Almaniyada yanvarın 9-da keçirilən görüşündə bu qənaətə gəliblər.
Nazirlərin fikrincə, alyansın müdafiə vəzifələrini necə yerinə yetirməsi üzv ölkələrin NATO-ya üzvlük haqqından daha önəmli məsələdir.
"İndiki məqamda rəqəm və faiz nisbətləri köməyimizə gəlməyəcək. Güclü iqtisadiyyatda ÜDM-in 2 faizinin verdiyi töhfə zəif iqtisadiyyatın 3.5 faizindən çox ola bilər", - Almaniya müdafiə naziri Boris Pistorius belə deyib.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya ÜDM-inin 5 faizi federal büdcənin 40 faizi qədərdir.
"Hansı ölkənin buna imkanı çatdığını bilmirəm. Bu üzdən, söhbət faiz nisbətlərindən yox, NATO-nun qarşısında qoyulan məqsədlərin necə yerinə yetirilib-yetirilməməsindən gedir", - yenə Pistoriusun sözləridir.
"Niyə biz milyardlarla dollar çox ödəməliyik?"
Tramp yanvarın 7-də NATO-ya üzv ölkələri ÜDM-lərinin 5 faizini müdafiə xərclərinə ayırmağa çağırıb. O qeyd edib ki, avropalı müttəfiqlər ABŞ-nin müdafiəsinə yetəcək qədər pul xərcləmirlər: "Onların hamısının buna imkanı çata bilər. Bu, (ÜDM-red.) 2 yox, 5 faiz olmalıdır. …Avropa birgə faydalandığımız məsələyə çox cüzi pul xərcləyir. …Aramızda okean adlı bir şey var. Düzdür? Niyə biz milyardlarla dollar daha çox ödəyirik?".
ABŞ-nin müdafiə xərcləri ÜDM-inin 3.38 faizi qədərdir. Ölkə iqtisadiyyatının həcmi nəzərə alınsa, bu, NATO-nun toplam xərclərinin 60 faizindən çoxu deməkdir.
Estoniya müdafiə naziri Hanno Pevkur AzadlıqRadiosuna bildirib ki, ABŞ xərclərini 5 faizədək artırmağa hazır olduğunu göstərməlidir. Onun fikrincə, beləcə, xərclərin məbləği 1.5 trilyon dollaradək arta bilər.
"2 faiz yetərli deyil"
Latviya alyansın müdafiə xərclərinə ÜDM-inin 3 faizdən çoxunu xərcləyən tək-tük ölkələrdən biridir.
"Bu il töhfəmiz 3.4 faizdirsə, gələn il bu göstərici 3.7 faiz olacaq. Bugünlərdə siyasi rəhbərliyimiz bunu 4 faizədək artırmağa hazır olduğunu bildirib", - Latviya müdafiə naziri Andris Spruds AzadlıqRadiosuna belə deyib.
O əlavə edib ki, ölkələrin müdafiə xərclərinə ayırdığı vəsait onların dünyanın üzləşdiyi təhdidləri anlamasına işarədir.
"Soyuq savaş dövründə …. orta hesabla, bu göstərici 4 faizədək idi. Bu üzdən, əvvəldə müzakirə etdiyimiz kimi, 2 faiz yetərli deyil", - Sprudsun sözləridir.
Müdafiə xərclərinə ödənilən yeni faiz həddinin təsdiqi üçün NATO-ya üzv olan 32 ölkənin hamısı razılıq verməlidir. Ötən ilin iyulundan bəri alyansın 23 ölkəsi ÜDM-inin 2 faizini müdafiə xərclərinə ayırmağı bacarıb. Avropada buna nail olan böyük ölkələr arasında Almaniya, Hollandiya, Norveç və Türkiyənin adlarını çəkmək olar.
'Amnesty International' COP29-dan sonra həbs olunmuş jurnalistləri azad etməyə çağırır
"Amnesty International" dekabrın əvvəlində həbs edilmiş yeddi jurnalist və media işçisinin azadlığa buraxılması tələbi ilə beynəlxalq kampaniya başladıb. Qurum insanları Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək həbs olunan jurnalistlərin dərhal sərbəst buraxılmasını tələb etməyə çağırır.
"Amnesty International" xatırladır ki, 2024-cü ildə Bakı COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etdikdən dərhal sonra - dekabrın 6-da "MeydanTV" əməkdaşları Xəyalə Ağayeva, Aytac Əhmədova, Aynur Qənbərova, Natiq Cavadlı, Aysel Umudova, Ramin Cəbrayılzadə və Bakı Jurnalistika Məktəbinin müdir müavini Ülvi Tahirov həbs olunub. İnsan haqları təşkilatı vurğulayır ki, bu şəxslər "valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılsalar da, bu ittihamlar onların jurnalist fəaliyyəti ilə bağlıdır və ölkədə digər tənqidi səslərə qarşı irəli sürülmüş ittihamlar kimi əsassız və siyasi motivlidir.
Beynəlxalq kampaniya martadək davam edəcək.
Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.
Ancaq digər beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.