Rusiyanın Yerevandakı səfiri bu gün Ermənistan Xarici İşlər Nazirliyinə çağrılıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, yanvarın 12-də Rusiya dövlət televiziyasında yayımlanan "Həftəlik Xəbərlər" proqramında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirilmiş fikirlərlə əlaqədar rusiyalı diplomat XİN-ə dəvət olunub.
Görüşdə rusiyalı səfirə müvafiq etiraz məktubu təqdim olunub.
Bu etiraz ikitərəfli münasibətlərin o qədər də hamar getmədiyi bir vaxta təsadüf edir. Bunu yanvarın 14-də keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib. O, Moskva və Yerevan arasında münasibətlərinin hazırda mürəkkəb olduğunu deyib.
Lavrov Ermənistan hökumətinin Avropa İttifaqına qoşulma prosesinə başlamaq üçün layihəni təsdiqləmək qərarına toxunaraq qeyd edib ki, bu, Yerevanın suveren seçimidir, lakin müsbət və mənfi tərəfləri ölçüb-biçmək lazımdır: “Ermənistanın qanuni rəhbərliyinin gözlənilən yerdə istənilən beynəlxalq təşkilata qoşulma prosesinə başlamaq qərarı suveren qərardır. Amma bütün müsbət və mənfi cəhətləri ölçüb-biçmək, istisadi sektorla məşğul olanların məsuliyyətidir”, – Sergey Lavrov qeyd edib.
Ermənistan Nazirlər Kabinetinin ötən həftə təsdiqlədiyi sözügedən sənəddə ayrıca vurğulanır ki, "Ermənistan Aİ-yə üzvlük prosesinin başladığını elan edir".
Mətbuat konfransında Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədə toxunan Rusiya xarici siyasət idarəsinin rəhbəri Yerevanın bu qərarını da suveren hesab etdiyini deyib. O bildirib ki, Moskva Ermənistana kiminlə əməkdaşlıq edəcəyini diktə etmir.
“Biz də Qərb ölkələri ilə bir sıra müqavilələrdə “strateji tərəfdaşlıq” terminologiyasından istifadə etmişik, lakin bu sazişlər heç vaxt bu və ya digər iştirakçıdan üçüncü ölkəyə qarşı hərəkət etməyi tələb etməyib”, – Lavrov bildirib.
Yanvarın 14-də ABŞ və Ermənistan strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sənəd imzalayıblar. Bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona işgüzar səfəri zamanı baş tutub.