ABŞ dövlət katibi postuna namizəd Kiyevin güzəştə getməli olacağını düşünür

Marko Rubio

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi postuna namizədi Marko Rubio Rusiyanın işğal etdiyi bütün torpaqları Ukraynanın geri qaytaracağını real saymır. Onun fikrincə, döyüşlərin dayandırılmasından ötrü Kiyev Moskvaya güzəştlərə getməli olacaq.

"Təkcə ərazinin böyüklüyünü nəzərə alsaq, Ukraynanın bu qüvvələri (Rusiya hərbçilərini -red.) işğalın əvvəlindəki mövqelərinədək geri itələməsi mümkün deyil", - respublikaçı senator Marko Rubio yanvarın 15-də Senatda öz vəzifəsinə təsdiqlənməsi ilə bağlı dinləmələrdə belə deyib.

Rubio Ukraynanın hansı güzəştlərə gedəcəyinə dair təxmin yürütməkdən boyun qaçırsa da, NATO üzvlüyündən imtinanın güzəştlərin bir hissəsi ola biləcəyini söyləyib. Xatırlatmağa dəyər ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin illər sonra yenə Rusiyanın işğalçı hücumuna məruz qalmaması üçün Qərbin güvənlik zəmanətinə, eləcə də NATO üzvlüyünə ehtiyac olduğunu bildirir.

Bayden administrasiyası da ABŞ-nin Ukraynanı "gərəkən müddətədək" dəstəkləyəcəyini dəfələrlə dilə gətirib. Rusiyanın işğalçı savaşı başladandan bəri ABŞ Kiyevə təxminən 66 milyard dollar hərbi yardım ayırıb. M.Rubio bu mövqenin "real və ehtiyatlı olmayan" bir yanaşma olduğunu vurğulayaraq, Ukraynanın insan resursları ilə bağlı problemlərinə diqqət çəkib. Onun fikrincə, Ukrayna maliyyə baxımından yox, canlı qüvvə baxımından sıxıntı yaşayır: "Bu savaşı gerçəkdən dayandırmaq istəyiriksə, real diplomatiya tərəflərdən güzəştlər tələb edəcək".

"Böyük itkilər hesabına olsa da…"

Hadson İnstitutunun analitiki Can Kasapoğlu bildirib ki, "böyük itkilər hesabına olsa da, Rusiya hərbi qüvvələri bir neçə cəbhədə hücum mövqeyini qoruyur".

Ekspertlərin fikrincə, qalib gələcəyini düşünən Rusiya prezidenti Vladimir Putin müharibəni indi dayandırmaqda maraqlı deyil.

ABŞ-nin milli güvənlik məsələləri üzrə sözçüsü Con Kirbi də yanvarın 14-də jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Putin Ukraynanı işğal etmək məqsədindən hələ də əl çəkməyib.

M.Rubio dinləmələlərdə savaşan tərəflərin razılığa gəlməsinin asan olmayacağını etiraf edib: "Bu, asan bir cəhd olmayacaq... Bu, cəsur diplomatiya tələb edəcək".

San-Dieqo Dövlət Universitetinin Rusiya və Ukrayna üzrə ixtisaslaşmış siyasi elmlər professoru Mixail Alekseyev AzadlıqRadiosuna şərhində bildirib ki, Trampın komandası Putini Ukraynanı tam işğal etmək məqsədindən çəkindirməyin çətin olduğunu anlayacaq: "Onlar Putinin Ukraynanı tam işğal etmək məqsədindən daşındırmağın prosesin ən çətin hissəsi olacağını anlayacaqlar".

"Bizə güclü və bacarıqlı müttəfiqlər lazımdır"

M.Rubio ABŞ-nin öz müttəfiqlərini dəstəklədiyini yada salıb və bunu da vurğulayıb ki, NATO-nun Avropadakı üzvləri müdafiə xərclərini artırmalıdır: "Məncə, müttəfiqlik önəmlidir, di gəl, güclü və bacarıqlı tərəfdaşlarla müttəfiq olmalıyıq, ABŞ və NATO müdafiə razılaşmasını müdafiə xərclərini azaltmaq və daxili ehtiyaclara daha çox vəsait ayırmaq üçün bəhanə kimi istifadə edən tərəfdaşlarla deyil".

Tramp Avropa müttəfiqlərini müdafiə xərclərinə dair hədəflərini yerinə yetirmədiklərinə görə dəfələrlə tənqid edib. O, hakimiyyətdə olduğu ilk müddətdə - 2017-2021-ci illərdə ABŞ-nin hərbi alyansdan çıxmaq məsələsini də qaldırmışdı.

Bu təhlükə fonunda Rubio hər hansı prezidentin Senatın təsdiqi və ya Konqres Aktı olmadan ABŞ-ni NATO-dan çıxarmasının önünü kəsən qanun layihəsinin həmmüəllifi olub. Həmin qanun layihəsi 2023-cü ilin dekabrında qəbul edilib.

M.Rubio təsdiq dinləmələrində hələ də bu qanunu dəstəklədiyini bildirib.