Lənkəranda balıqçılar itkin düşüb

Xəzərdə balıq tutma

Lənkəran rayonunun Siyavar kəndinin iki sakininin itkin düşdüyü bildirilir. Kənd sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, onlar yanvarın 13-də səhər saat 8-də balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar, bir daha geri qayıtmayıblar.

Yerli saytlarda rəsmi qurumlara istinadla yayılan məlumatlara görə, sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını davam etdirirlər. Dünən, yanvarın 15-dən axtarışlara helikopter də cəlb olunduğu bildirilir.

"Hava dumanlı olub"

Lənkəranın Siyavar kəndi dəniz kənarında yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyətlərdən biri də balıqçılıqdır. Dənizə yaxın olan ailələrin çoxunun çörəyinin balıqçılıqdan çıxdığı deyilir.

Kənd sakinlərin vurğulamasına görə, itkin düşən balıqçıların dənizə çıxdığı gün hava mülayim olsa da, dumanlı olub.

Adının çəkilməsini istəməyən bir kənd sakininin sözlərinə görə, əvvəllər də oxşar hadisələr baş verib: "Sovet dövründə balıqçıların itkin düşməsi hadisəsi tez-tez baş verərdi. Adətən fırtına balıqçıları İran ərazisinə aparardı. Bu dəfə fırtına olmayıb. Dəniz bir aya yaxındır ki, "laldır". İndi dənizdən, əsasən, kütüm balığı çıxır. Yerli sakinlər də, əsasən, kütüm yeyirlər. Yaxında balıq az çıxır...".

Artıq bir neçə gündür bu olayla bağlı kənd sakinlərinin gecə-gündüz dəniz kənarında keşik çəkdikləri deyilir.