Aİ-nin baş diplomatı: Rusiyaya təzyiqlər davam etməlidir

Kaya Kallas

Kiyev və onun tərəfdaşları müharibəyə son qoyacaq hər hansı potensial danışıqlarda Ukraynanın mövqeyini gücləndirmək məqsədilə Rusiyaya təzyiq göstərməyi davam etdirməlidir. Bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib. Aİ-nin baş diplomatı yanvarın 14-də AzadlıqRadiosu və digər bir neçə nəşrə müsahibəsi verib.

Kallas deyib ki, Moskvaya iqtisadi təzyiqi artırmaq və onu beynəlxalq aləmdə təcrid etmək Rusiyanın üstünlük qazanmasını önləməyin yeganə yoludur.

"Biz öz bacarıqlarımızı kiçiltməməməli və Rusiyanı olduğundan daha güclü saymamalıyıq. Rusiya bəzən məğlubedilməz sirli güc kimi təqdim olunur. Bu, həqiqətə uyğun deyil. Həm hərbi, həm də iqtisadi baxımdan biz daha güclüyük. Hər şeyə güc mövqeyindən yanaşmalıyıq", - Aİ-nin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

O bildirib ki, Rusiyada 20 faizdən yuxarı əsas faiz dərəcələri, "Qazprom"un idarə heyətinin 40 faizinin ixtisarı, "çox pis durumda" əmək bazarı və Şimali Koreya əsgərlərinin Rusiya tərəfində döyüşə cəlbi kimi faktlar Rusiyanın iqtisadiyyatında gərginlik və zəifliyin əlamətləridir.

Kallas bildirib ki, zaman Rusiyanın xeyrinə işləmir və Kiyevin qərbli müttəfiqləri bu ölkəyə iqtisadi təzyiqi daha da artırmalıdır.

"Biz görürük ki, onların nağd ehtiyatları tamamilə tükənib. Neft və qaz satışından əldə etdikləri gəlir əvvəlkindən xeyli azdır", - o bildirib.

Kallas Avropa İttifaqının Ukraynaya silah və digər yardımlar göndərmək siyasətində birliyi qoruya biləcəyinə inandığını da deyib.
O, Aİ-yə üzv ölkələrin bəzilərinin rəhbərliklərinin Rusiyaya müsbət münasibətinin olduğunu qeyd edib. Lakin onu da vurğulayıb ki, Avropa İttifaqı, həmin hökumətlərlə “çətin danışıqlara” baxmayaraq, Ukraynaya dəstəklə bağlı birliyi qorumağı bacarıb.

“Bu, getdikcə daha da çətinləşir”, - o etiraf edib. “Lakin hələ də əminəm ki, biz vahid mövqe sərgiləyə bilərik, çünki yalnız bu yolla güclü qala bilərik.”

Aİ-nin yüksək səviyyəli təmsilçisi bildirib ki, Ukrayna döyüş meydanında nə qədər güclü olarsa, danışıqlar masasında da bir o qədər güclü olacaq.

Tramp ABŞ-ın gücündən yararlanaraq Rusiyaya təzyiq edərsə...

Kallas müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsini tezliklə sonlandıracağı ilə bağlı fikirlərinə də münasibət bildirirb. Aİ-nin Ali Nümayəndəsinin sözlərinə görə, Donald Tramp əgər ABŞ-ın gücündən istifadə edərək, Rusiya Prezidenti Vladimir Putinə Ukraynadan qoşunlarını çıxarmaq, mülki şəxslərə və infrastruktura hücumları dayandırmaqla bağlı təzyiq göstərərsə, müharibə vaxtında sona çata bilər. Eyni zamanda o, Aİ-nin mövqeyini təkrarlayaraq bildirib ki, Ukraynanın razılığı olmadan Ukrayna ilə bağlı heç bir qərar verilməməlidir və bu, Avropa üçün də keçərlidir: "Aydın məsələdir ki, hansısa bir razılaşma əldə olunsa, Avropa onun bir hissəsi olmalıdır. Ukraynalılar hansı razılaşmanın onlar üçün qəbul edilə biləcəyinə özləri qərar verməlidir".

O, həmçinin xəbərdarlıq edib ki, rusiyalılar atəşkəsdən qoşunlarını yenidən toplamaq və təchiz etmək üçün yararlana bilərlər.

"Rusiyalılar heç vaxt atəşkəsə hörmət etməyiblər. Buna görə də Avropa üçün sülhün dayanıqlı və uzunmüddətli olması çox vacibdir", - o bildirib.

Avropanın ümumi infrastrukturuna hücumun bir hissəsi

Aİ-nin Ali Nümayəndəsi Baltik dənizindəki sualtı kabellərə son vaxtlar baş vermiş hücumlarından da danışıb. O deyib ki, bu hücumları Avropanın müxtəlif kritik infrastrukturuna hücumlardan ayrılıqda qiymətləndirilmək səhv olar. Kallas bu hadisələrin birgə şəkildə qiymətləndirilməli olduğunu qeyd edib. O əlavə edib ki, belə hücumlar Çin tərəfindən Tayvan və Cənubi Koreyaya qarşı oxşar hücumlar kontekstində nəzərdən keçirilməlidir.

"Bu, beynəlxalq dəniz hüququnun daha da inkişaf etdirilməsinin və Rusiyanın neft ixracına tətbiq olunan sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanmasına" qarşı sanksiyaların daha da sərtləşdirilməsinin vacibliyini göstərir", - o bildirib.