İsrail və HƏMAS qruplaşması (ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qruplaşma kimi tanınır) arasında atəşkəs razılaşması əldə olunub.
Bir neçə mərhələdə həyata keçiriləcək razılaşma İsrail girovlarının təxminən min fələstinli məhbusla dəyişdirilməsini və Qəzza Zolağına təcili humanitar yardımın çatdırılmasını nəzərdə tutur.
Qətər və Misirin vasitəçiliyi ilə əldə olunan razılaşma sənədinin yanvarın 19-dan qüvvəyə minəcəyi bildirilib. Bu məlumatı Qətərin baş naziri Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani açıqlayıb. Razılaşma üç mərhələdən ibarətdir və son mərhələ Qəzza bölgəsinin yenidən qurulmasına yönələcək.
Razılaşmanın müddəaları, hələlik, dərc olunmasa da, prosesdə iştirak edən siyasətçilərin şərhlərindən çıxan nəticə odur ki, birinci mərhələdə altı həftəlik atəşkəs başlayacaq. Bu müddət ərzində İsrail qoşunları Qəzzanın mərkəzindən tədricən geri çəkiləcək.
Bu mərhələdə həmçinin HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinlilərin buraxılması qarşılığında əksəriyyəti qadınlar, qocalar və xəstələrdən ibarət 33 israilli girovu azad edəcək.
Bəzi girovlar 2023-cü ilin noyabrında 240 fələstinli məhbusun qarşılığında azad edilib. HƏMAS hələ də 94 nəfəri girov saxlayır. İsrail tərəfi bu girovlardan yalnız 60 nəfərin sağ qaldığını güman edir.
Atəşkəs razılaşmasının birinci mərhələsində münaqişə nəticəsində evlərindən çıxmaq məcburiyyətində qalan fələstinlilər öz evlərinə qayıtmaq imkanı əldə edəcəklər. Bu mərhələdə həmçinin HƏMAS tərəfindən idarə olunan anklava humanitar yardımın daxil olması da nəzərdə tutulub. İsrailin Qəzza Zolağında apardığı hərbi əməliyyatlar nəticəsində Qəzza sakinlərinin, demək olar ki, hamısı evlərini tərk etməyə məcbur qalıb. Bölgədə ciddi humanitar böhran yaranıb.
Razılaşmanın ikinci və üçüncü mərhələsi ilə bağlı danışıqlar atəşkəs qüvvəyə mindikdən 16 gün sonra başlayacaq. Analitiklər bildirir ki, bu mərhələlər atəşkəsin davamlılığı üçün ilk ciddi sınaq ola bilər.
Razılaşmanın ikinci mərhələsi qalan girovların azad olunmasını və müharibənin sona çatdırılmasını əhatə edir ki, bu da olduqca mühüm bir addımdır.
Xatırlatma
Müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailin cənubundakı yaşayış məntəqələrinə hücumu ilə başlayıb. Təxminən 1200 nəfər, əsasən, dinc sakinlər öldürülüb, 251 nəfər girov götürülərək Qəzzaya aparılıb. İsrail buna cavab olaraq Fələstin anklavında dağıdıcı müharibəyə başlayıb. HƏMAS-ın nəzarətindəki Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu müharibə 46 mindən çox insanın ölümünə səbəb olub. İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza kütləvi dağıntılarla üzləşib və 2.3 milyon sakininin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.