Ermənistan hələ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) Dağlıq Qarabağ üzrə Minsk qrupunun buraxılması ilə bağlı müraciət etməyib.
Bu barədə AzadlıqRadiosuna Ermənistan baş nazirinin ofisindən bildirilib.
"Ermənistan Respublikası Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir", - Ofisdən verilən yazılı məlumatda deyilir.
ABŞ, Fransa və Rusiyanın üzv olduğu Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün yaradılıb. Onilliklər ərzində həmsədr ölkələr Azərbaycan və Ermənistan arasında vasitəçilik səyləri göstərib.
Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasının ilkin şərtləri sırasına Minsk qrupunun ləğv olunmasını daxil edib.
Ermənistan baş naziri Nikol Paşinyan 8 yanvar tarixində rəsmi "Facebook" hesabında paylaşdığı postda Minsk qrupunun buraxılması ilə bağlı addımı atmağa hazır olduğunu bəyan edib. Baş nazir ATƏT-in Minsk qrupunun mümkün ləğvini Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə əlaqələndirib. Paşinyanın sözlərinə görə, belə bir addıma cavab olaraq rəsmi Bakı da müasir Ermənistan ərazisinin çox hissəsini "Qərbi Azərbaycan" adlandırmağı dayandırmalıdır.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı. Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.