Yerevan Rusiyanın daha bir televiziya proqramını qadağan etməklə hədələyir

Dmitry Kiselyov

Ermənistan hökuməti Rusiya dövlət televiziyasının daha bir proqramının ölkədə yayımını dayandırmaqla hədələyib.

AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan jurnalistlərə deyib. "Kiselyovun proqramının yayımı da ölkəmizdə dayandırıla bilər", - nazir Ayrapetyan bildirib.

Nazirlik artıq Televiziya və Radio üzrə Milli Komissiyaya bu məsələni araşdırmağı və belə bir qadağanın tövsiyə olunmasını nəzərdən keçirməyi xahiş edib.

Yanvarın 15-də Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata "Rossiya-1" kanalının həftəlik xəbər proqramında yayımlanan reportajla bağlı etiraz notası təqdim olunub.

Nazirlik bəyanatında həmin reportajın "Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılmış narrativlər" ehtiva etdiyini bildirib. Lakin Ermənistan XİN-in məlumatında bu narrativlərin nədən ibarət olması barədə ətraflı məlumat verilməyib.

Sözügedən proqramın aparıcısı Kremlə yaxın media rəhbərlərindən olan Dmitri Kiselyov məsələ ilə bağlı şərh verməkdən imtina edib. "Erməni qardaşlarımızı hansı konkret açıqlamanın narahat etdiyini anlamıram", - jurnalist news.ru-ya bildirib.

Həmin reportajda Ermənistanın Azərbaycanla münaqişəsi, Paşinyan hökumətinin Ermənistan-Azərbaycan nəqliyyat əlaqələri ilə bağlı mövqeyi və Avropa İttifaqına üzvlük üçün müraciət qərarı müzakirə olunub.

Ötən il başqa bir proqram bloklanıb

Rəsmi Yerevan keçən ilin martında "Rossiya-1" kanalında yayımlanan gündəlik siyasi tok-şounun retranslyasiyasını qadağan etmişdi. Bu qərar proqramın aparıcısı Vladimir Solovyovun Paşinyanı təkrarən tənqid etməsi ilə bağlı idi. Hakimiyyət orqanları Solovyovu və onun bəzi qonaqlarını dövlətə məxsus "Rossiya-1", "Birinci" və "Kultura" telekanallarının Cənubi Qafqaz ölkəsində yayımını davam etdirməsinə imkan verən 2020-ci il Rusiya-Ermənistan razılaşmasını pozmaqda günahlandırıb.

2023-cü ilin oktyabrında isə "Birinci Kanal"da yayımlanan proqramda baş nazir Nikol Paşinyanın təhqir edilməsindən sonra Rusiyanın Yerevandakı səfiri S.Kopırkin Ermənistan XİN-ə çağırılmışdı. Növbəti gün isə cavab olaraq Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə dəvət olunmuşdu. Nazirlik rəsmiləri Ermənistan hökumətinin nəzarətində olan KİV-lərin yaydığı "anti-Rusiya" təbliğatından təəssüfləndiklərini bildiriblər.

Ermənistan İctimai Televiziyası Moskvaya qarşı kəskin tənqidlər səsləndirən siyasətçiləri və ekspertləri tez-tez siyasi tok-şoularına dəvət edir və onlarla müsahibələr aparır. Paşinyan tərəfdarlarının nəzarətində olan bu televiziya kanalında həmin şəxslərin praym-taymda yayımlanan proqramlarda iştirakı Rusiya-Ermənistan münasibətlərinin son illərdə daha da gərginləşməsi fonunda adi hala çevrilib.