Əfqanıstanda mina qurbanları da çoxalır, minatəmizləyənlərin maliyyə problemləri də

"HALO Trust" minatəmizləmə xeyriyyə təşkilatının müəllimi Əfqanıstanın Hilmənd əyalətindəki bir kənddə uşaqları mina riskləri haqqında maarifləndirir.

Şax Ağa minadan xəsarət alan 100 minlərlə əfqandan biridir.

Ortayaşlı kişi ölkənin şimalında, doğma Qunduz vilayətində 1980-ci illərin SSRİ-ylə savaş dövründən qalmış minanın partlaması nəticəsində ayağını itirib. 2015-ci ildə Şax Ağa yenidən minaya düşüb.

"Mənim həyatım acınacaqlıdır", - o, AzadlıqRadiosunun "Azadi" xidmətinə belə deyib və əlavə edib ki, daim köməyə ehtiyacı var.

Kabil sakini olan Nur adlı digər bir əfqan mina partlayışından hər iki ayağını itirib. O deyir, əlilliyi olan əfqanların nə təhsil, nə də iş imkanları var: "Cəmiyyətimiz də, hökumətimiz də hüquqlarımızı təmin etmək üçün az iş görür".

Savaş 40 il öncə bitsə də, Ağa və Nur hər il ölən və ya əlil qalan yüzlərlə mina qurbanı əfqanlardandır.

Əfqanıstan torpağında ən çox mina basdırılan ölkələrdən biridir. Əfqanıstan Minatəmizləmə Agentliyi indən belə daha çox əfqanın mina qurbanına cevriləcəyindən rahatsızdır.

Yardımı dayandırmaq çağırışları

Agentliyin fikrincə, "Taliban" ekstremist qruplaşmasının idarə etdiyi ölkənin geniş ərazisində mina təmizlənməsinə ayrılan maliyyə vəsaiti yaxın vaxtlarda dayandırıla bilər.

Bu ay baş tutacaq andiçmə mərasimindən öncə ABŞ-də prezident seçilmiş Donald Tramp və onun müttəfiqləri rəsmi Vaşınqtonun Əfqanıstana göstərdiyi yardımı dəfələrlə tənqid ediblər.

2021-ci ildə ABŞ hərbçiləri ölkəni tərk edəndən sonra "Taliban" yenidən hakimiyyəti ələ keçirsə də, ABŞ Əfqanıstanda humanitar əməliyyatların aparıcı donorudur.

"Özəlliklə uşaq və qadınlar arasında ölüm və yaralanma halları artacaq", - Əfqanıstanda minadantəmizləmə üzrə qeyri-hökumət qrupunun başçısı Şahabuddin Hakimi "Azadi" Radiosuna belə deyib.

BMT Mina Fəaliyyəti Xidmətinin (MFX) bilgisinə görə, 1989-cu ildən bəri 45 mindən çox əfqan mina qurbanına çevrilib. Minatəmizləyənlər indiyədək 3 min kv.km-dən çox ərazini, 764 min piyada və 33 min 460 nəqliyyat əleyhinə minalar olmaqla, 14 milyon partlamamış sursatdan təmizləyiblər.

Mina partlayışları nəticəsində şikəst qalan əfqanlar Heratdakı Qırmızı Xaç mərkəzində protezlərlə yeriməyə öyrənirlər.

Həlak olanların sayı çoxalacaq

MFX-nın bilgisinə görə, minalar hələ də ölkə boyunca 1700-dən çox icmaya təhlükə yaradır. 1200 kv.km-dən çox ərazi isə indiyədək minadan təmizlənməyib.

Hakimi bildirib ki, maliyyə çatışmazlığı üzündən ötən il başçılıq etdiyi qrup əməliyyatların 80 faizini dayandırmalı olub.

O əlavə edib ki, belə durum mina partlayışlarının səbəb olduğu ölüm sayını ayda 60-a çatdırıb. Keçmiş illərdə bu göstərici ayda 50 idi. Bu, dünyada ən yüksək rəqəmlərdəndir.

"İran və Pakistana sığınan, eləcə də ölkə içindəki məcburi köçkünlər evlərinə döndükcə bu il ölüm hallarının sayı artacaq",- Hakiminin sözləridir.

Hesablamalara görə, iki milyon əfqan qonşu Pakistan və İrandan geri qayıtmaq məcburiyyətindədir. 1979-cu ilin dekabrında başlanan və 10 il sürən sovet işğalından sonra milyonlarla əfqan həmin ölkələrdə sığınacaq tapıb.

"Taliban"ın hakimiyyətə dönüşündən - döyüşlərin başa çatmasından sonra ölkə içində köçkünə çevrilmiş yüz minlərlə əfqan öz evlərinə qayıdıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin bilgisinə görə, ötən il 234 mina partlayışı nəticəsində 455 mülki şəxs həlak olub və ya xəsarət alıb. Onların 359 nəfəri - 80 faizi uşaq olub.

"Hazırda Əfqanıstanda minatəmizləmə ən az maliyyələşdirilən sahələrdən biridir… Ölkənin problemi aradan qaldırmaq üçün gərəkli resursları artıq yoxdur", - bu ölkədə aparıcı minatəmizləmə qruplarından birinin, Böyük Britaniya "HALO Trust" xeyriyyə təşkilatının sözçüsü belə deyir.

Sözçünün dediyinə görə, son iki ildə minatəmizləməyə ayrılan maliyyə yarıya endirilib və bu fəaliyyətlə məşğul qruplar öz işçilərinin sayını kəskin şəkildə azaltmalı olublar.

"Taliban"ın hakimiyyətə qayıdışından əvvəl ölkədə fəaliyyət göstərən 15 min əfqan minatəmizləyəndən indi cəmi 3 mini iş başındadır. "HALO Trust"ın bilgisinə görə, son iki ildə əfqan minatəmizləyənlərin, azı, 40 faizi işini itirib: "Təzad bundan ibarətdir ki, ölkə donor dəstəyini azaltdıqca, artan humanitar ehtiyac və yoxsulluqla üzləşir".

Humanitar böhran

BMT-nin bilgisinə görə, ölkədə yaşayan 40 milyon insanın yarıdan çoxunun humanitar dəstəyə ehtiyacı var. Əfqanıstan dünyada ən böyük humanitar böhran yaşayan ölkələrdən biridir. Ancaq "Taliban"ın qadınlara qoyduğu məhdudiyyətlər və başqa bölgələrdəki yeni humanitar böhranlar Qərb donorlarını bu ölkəyə humanitar yardımı azaltmağa vadar edib.

"Taliban" Qərbyönlü hökuməti çökdürəndən sonra rəsmi Kabil inkişaf üçün ayrılan dəstəkdən məhrum olub.

Ölkə daha çox humanitar yardım itkisiylə üz-üzədir. Yanvarın 7-də Tramp prezident Co Baydeni Əfqanıstanda talibançılara milyardlarla dollar ödəməkdə suçlayıb.

Yanvarın 2-də konqresmenlərdən biri Trampa ünvanladığı məktubda Əfqanıstana pul yardımını dayandırmağa çağırıb. Respublikaçı Tim Berçettin iddiasına görə, bu yardımların bir hissəsi "Taliban"a gedir.

Yazını "Azadi" Radiosu və AzadlıqRadiosunun əməkdaşı Abubakar Siddik hazırlayıb.