Belarusda AzadlıqRadiosunun həbsdə olan jurnalistləri barədə propaqanda filmi yayımlanıb

Andrey Kuzneçik

Belarusun dövlət televiziya kanalı ONT, AzadlıqRadiosunun ölkə həbsxanalarında saxlanılan jurnalistləri haqqında propaqanda filminin ilk hissəsini yayımlayıb. Sözügedən propaqanda filmi jurnalistləri "Belarusu alovlandırmağa çalışmaqda" ittiham edir.

Prezident seçkisindən öncə yayımına başlanmış “Svaboda Slova” (Söz Azadlığı) adlı bu serial, görünür, ölkədəki hökumət zorakılığı və təqiblərini işıqlandıran müstəqil jurnalistləri nüfuzdan salmağa hesablanıb.

Xatırladaq ki, müxalifət liderləri 2020-ci ilin avqustunda Belarusda keçirilən seçkinin saxtalaşdırıldığını bildiriblər. Bu da ölkədə kütləvi etirazlara səbəb olub. Etirazlar avtoritar lider Aleksandr Lukaşenko hökuməti tərəfindən zorakılıqla yatırılıb və etirazçılar amansızlıqla təqib olunub.

Müxalifət liderləri yanvarın 26-da baş tutacaq seçkini 1994-cü ildən bəri ölkəni idarə edən Lukaşenkoya yeddinci dəfə prezident olmaq üçün təşkil olunan saxtakarlıq aktı kimi xarakterizə edirlər.

Kuzneçik ittihamları rədd edir

Propaqanda filminin ilk hissəsində 2021-ci ilin noyabrında həbs olunan, AzadlıqRadiosunun Belarus xidmətinin jurnalisti Andrey Kuzneçik göstərilir.

Kuzneçik həbsxana şəraitində olduğu görünən bir yerdə, filmi çəkənlə danışır. O, zəif və yorğun görsənir. Arxa fonda isə qarın yağdığı, məhbus barmaqlıqları və həbsxana divarlarının olduğu gizli bir yer göstərilir.

İki uşaq atası Kuzneçik əvvəlcə xuliqanlıq ittihamı ilə 10 gün həbs cəzasına məhkum edilib, lakin o, bu ittihamları rədd edib.

Bu cəzanı çəkdikdən sonra, o, ekstremist qrup yaratmaq ittihamı ilə üzləşib və 2022-ci ilin iyununda altı il müddətinə həbs cəzasına məhkum edilib. Jurnalist orta təhlükəsizlikli cəzaçəkmə koloniyasında saxlanılır.

Görüntülərdə kostyumda və şapkada olan Kuzneçik sakit tonda danışsa da, yorğun görünür. Film, onun mühafizə əməkdaşı tərəfindən aparıldığı görüntülərlə başa çatır.

AzadlıqRadiosunun Belarus xidməti, həbsdəki şəxslərdən naməlum şəraitdə alınan bəyanatları nəşr etmədiyindən Kuzneçykin də çıxışı dərc olunmayıb.

Losik və digərləri

Videonun sonunda dövlət nəzarətində olan telekanal ONT propaqanda serialının növbəti hissəsində Azadlıq Radiosunun Belarus xidmətinin jurnalisti İxar Losik, keçmiş veteran jurnalist İxar Karney və ikili Belarus-Amerika vətəndaşlığına malik müxalifət fəalı Yuras Zyankoviçin yer alacağını bildirib.

Andrey Kuzneçik özünü günahsız sayır. Jurnalist təxminən 150 digər siyasi məhbus, o cümlədən Losik və keçmiş prezidentliyə namizəd Viktar Babarika ilə birgə Belarusun şimalındakı Navapolatsk şəhərindəki həbsxanada cəza çəkir. Bu cəzaçəkmə müəssisəsi ölkədəki ən sərt cəzaçəkmə müəssisələrindən biri kimi tanınır.

Belarusdakı insan haqları təşkilatları Kuzneçiki siyasi məhbus kimi tanıyıb. Onun işi, AzadlıqRadiosunun jurnalistlərinə və Belarusdakı müstəqil media qurumlarına qarşı aparılan geniş təqib kampaniyasının bir hissəsi kimi qəbul edilir.

Bir övladı olan Losik isə 2020-ci ilin iyununda Baranaviçidəki evində həbs edilib. O, əvvəlcə kütləvi iğtişaşların təşkili və onlarda iştirak ittihamı ilə təqsirləndirilib, lakin sonra ona qarşı daha çox ittiham əlavə olunub. 2021-ci ilin dekabrında həbsxanada keçirilən bağlı məhkəmədə o, 15 il azadlıqdan məhrum edilib.

Radio Svaboda hədəfdə

Belarus hakimiyyəti müstəqil medianı təqib edərək, Azadlıq Radiosunun Radio Svaboda kimi tanınan Belarus xidmətini hədəfə alıb.

Losikin məhkum edildiyi eyni ayda, Minsk məhkəməsi Radio Svabodanın "Telegram" kanalı, sosial media səhifələri və "YouTube" kontentini ekstremist elan edib. Daxili İşlər Nazirliyi Radio Svabodanın onlayn resursları ilə işləyən bir qrup vətəndaşı ekstremist qrup kimi tanıyıb.

Hökumət 2020-ci ilin avqustunda mübahisəli prezident seçkiləri ilə bağlı kütləvi etirazlar zamanı Radio Svabodanın vebsaytına və 40-dan çox digər müstəqil media resurslarına girişi bloklayıb. Bu vebsaytlara Belarusda yalnız VPN xidmətləri vasitəsilə girmək mümkündür.

Avtoritar lider Lukaşenkoya altıncı dəfə prezidentlik müddəti verən mübahisəli seçkilərdən sonra on minlərlə Belarus vətəndaşı rejimə qarşı etirazlarını ifadə etdikləri üçün həbs olunublar.

Bu təqib əksər müxalifət siyasətçiləri təhlükəsizlik və azadlıqlarından narahatlığa görə ölkəni tərk etməyə məcbur edib.

Bir çox Qərb hökumətləri seçkilərin nəticələrini tanımayıb və Lukaşenkonu ölkənin qanuni lideri hesab etmir. Bəzi ölkələr Belarusdakı etirazların boğulmasına cavab olaraq rejimə qarşı sanksiyalar tətbiq edib.