Bayramov USAID-in Azərbaycanda fəaliyyətinin dayandırıldığını bildirib

Ceyhun Bayramov ABŞ prezidenti Co Bayden ilə. 26 sentyabr 2024.

"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da mətbuat konfransında bildirib.

C.Bayramov deyib ki, USAID-in Azərbaycanda yardımları ABŞ-nin mənafeyi üçün edilirdi: "Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik".

Hələlik, bu açıqlamaya USAID-dən münasibət bildirilməyib.

Amma XİN-dən bundan əvvəl də USAID-in layihələri ilə bağlı tənqidlər səslənmiş, bu layihələrin şəffaf olmadığını, Azərbaycanın maraqlarına cavab vermədiyini iddia etmişdi. Bu tənqidlər, əsasən, 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Onda USAID-in rəhbəri Samanta Pauer demişdi ki, həmin əməliyyat nəticəsində "yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub".

2023-cü ilin noyabrında ABŞ Dövlət Departamenti Azərbaycan XİN-in USAID ilə bağlı ittihamlarına cavab vermişdi: "USAID-in yardım layihələri ilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün USAID proqramları azad və dinc cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir".

Son illər ABŞ və Azərbaycan arasında bir növ "soyuq küləklər əsib". Okeanın o tayından Azərbaycanda ictimai fəalların, jurnalistlərin həbsindən narahatlıq ifadə edilib, rəsmi Bakı isə bunu onların daxili işinə qarışmaq kimi dəyərləndirib.

Azərbaycan prezidenti İlham Əliyev isə son müsahibələrində ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla bağlı ümidlə danışıb, ABŞ ilə münasibətlərin strateji səviyyəyə çatdırıla biləcəyini deyib.