Yanvarın 15-də xalqa vida müraciətində ABŞ prezidenti Co Bayden Amerikada çox zəngin bir azlığın güc və nüfuzunun artdığını və bunun demokratiya üçün təhlükə yaratdığını bildirib. Prezident bu vəziyyəti "təhlükəli oliqarxiya" kimi xarakterizə edib.
"Azsaylı zəngin insanların əlində gücün təhlükəli dərəcədə cəmləşməsindən narahatam", - Bayden Ağ evdən etdiyi çıxışında deyib. Onun sözlərinə görə, sərvətin bir qrup şəxsin əlində cəmləşməsi təkcə demokratiyaya deyil, həm də əsas hüquq və azadlıqlara, eləcə də hər kəsin qabağa getməsi üçün "ədalətli şans" haqqına təhlükədir.
Prezidentlik müddəti başa çatan C.Bayden yanvarın 20-də postunu tərk edəcək. Dünyanın ən varlı adamı – "Tesla" və "SpaceX"in baş icraçı direktoru İlon Mask və digər ultrazəngin şəxslərin dəstəklədiyi milyarder Donald Tramp həmin gün and içərək 47-ci ABŞ prezidenti kimi vəzifələrinin icrasına başlayacaq.
Trampın sərt sağçı siyasətinə dəstək verən İ.Mask keçən il Trampın prezidentlik kampaniyasına on milyonlarla dollar sərf edib. Maskla yanaşı, ABŞ-nin daha iki tanınmış milyarderinin – "Amazon"un qurucusu Ceff Bezos və "Facebook"un həmtəsisçisi, "Meta"nın baş direktoru Mark Zukerberqin də Trampın andiçmə mərasimində iştirak edəcəyi gözlənilir.
Bayden: Azad mətbuat zəifləyir, amerikalılar dezinformasiya axını altında əzilir
Bayden xalqa müraciətində vəzifədə olduğu ilk iki il ərzində əldə olunan nailiyyətləri qeyd edib. O, ölkəni koronavirus pandemiyasından çıxarmaq, daxili istehsalı dəstəkləmək və reseptlə verilən dərmanların qiymətlərinin məhdudlaşdırması kimi fəaliyyətləri vurğulayıb. Lakin prezident Bayden qeyd edib ki, ABŞ dəyərləri "davamlı olaraq sınaqdan keçirilir". O, "texnoloji sənaye kompleksi"nin yüksəlişi, süni intellektin gələcəyi ilə bağlı potensial təhlükələr barədə xəbərdarlıq edib: "Amerikalılar hakimiyyətdən sui-istifadəyə şərait yaradan dezinformasiya və yanlış məlumatların axını altında əzilir. Azad mətbuat zəifləyir. Redaktorlar yoxa çıxır. Sosial media fakt yoxlanışından imtina edir. Həqiqət həm hakimiyyət uğrunda, həm də mənfəət naminə yalanlarla boğulur".
ABŞ prezidentinin sözlərinə görə, bu meyllərin qarşısını almaq üçün sosial media platformaları Amerika uşaqlarını, ailələrini və demokratiyanı hakimiyyətdən sui-istifadədən qorumaq üçün məsuliyyət daşımalıdır.
Bayden çıxışında süni intellektin (AI) fürsətlərinə və risklərinə toxunub. O deyib ki, süni intellekt problemlərin həllinə və hətta xərçəngin müalicəsini tapmağa kömək edə biləcək "zəmanəmizin, bəlkə də, bütün zamanların ən əhəmiyyətli texnologiyasıdır". Lakin əlavə edib ki, süni intellekt "hüquqlarımıza, həyat tərzimizə, məxfiliyimizə, necə işlədiyimizə və ölkəmizi necə qoruduğumuza yeni təhlükələr yarada bilər".
"O, təhlükəsiz, etibarlı və bütün bəşəriyyət üçün faydalı olmalıdır", -deyən Baydenin vurğulamasına görə, "Çin deyil, azadlıq ölkəsi Amerikanın süni intellektin inkişafında dünya lideri olması indi həmişəkindən daha vacibdir".