Astara sakini: 'Elə kəndlər var ki, bələdiyyəyə namizədi yoxdur'

Maşxan kəndində təşviqat lövhəsi

Qanunvericiliyə son dəyişikliklərdən sonra bölgədə ən az bələdiyyələrin düşəcəyi rayonlardan biri də Astara rayonudur. Səsvermədən sonra rayonda altı bələdiyyənin fəaliyyət göstərəcəyi gözlənir. Əvvəllər bu sayın 15 olduğu bildirilir. Astara rayonunun 40-dan çox kəndində olan seçki məntəqələri 80 saylı Lerik-Astara seçki dairəsindədir. 79 saylı Astara seçki dairəsində 50, 80 saylı Lerik-Astara seçki dairəsində 127 seçki məntəqəsi var.

79 saylı seçki dairəsində cəmi 107 namizəd qeydə alınıb.

Təşviqatın başlamasına baxmayaraq seçki əhval-ruhiyyəsi bir elə də hiss olunmur. Hərçənd, kəndlərdə olan seçki məntəqələrinin təşviqat lövhələrində hakim Yeni Azərbaycan Partiyası (YAP) və müstəqil düşərgədən olan namizədlərin şəkilləri yerləşdirilib. Seçkiyə çağırış plakatları seçki məntəqələrinin yerləşdiyi binaların pəncərələrinə vurulub. Seçki məntəqələri isə, əsasən, məktəb binalarında yerləşir.

Maşxan kəndinin girişində iki sakinə rast gəldik. Onlardan bələdiyyə seçkisi ilə bağlı səsvermə gününün vaxtını soruşduq.

"Eşitmişəm seçki olacaq, çayxanada danışırdılar. Bir qohumum seçkidə namizəddir. Heç vaxt səsverməyə getməmişəm, amma bu dəfə qohuma görə gedəcəyəm. Səsverməyə bir gün qalmış hamı vaxtı bilir. Amma mən bu bələdiyyədən baş aça bilmədim", - onlardan adının çəkilməsini istəməyən birisi qeyd etdi.

Təngərüd kəndində seçki məntəqəsi

"İş versin, gedim ona səs verim"

Amma onunla yanaşı duran həmkəndlisi bələdiyyə seçkiləri ilə bağlı məlumatlı olduğunu bildirdi: "Amma seçkiyə getmək fikrim yoxdur. Rusiyadan təzə gəlmişəm. Orada işim var idi. Bura gəlmişəm, işsizəm. İki oğlum var, məktəblidirlər. Gündə evdə dörd çörək yeyilir. Bir ayda təkcə çörəyə 70-80 manat pul xərclənir. Rusiyada uşaqpulu verirlər, əhaliyə güzəştlər çoxdur. Bizdə yoxdur. Bələdiyyə mənə nə verib?! İş versin, gedim ona səs verim. Məni bələdiyyə maraqlandırmır. Nə vaxt işləri düşür, gəlib qapını döyürlər. Belədə soruşan yoxdur ki, işin, yeməyə çörəyin varmı?".

"Kəndin bələdiyyəsini ləğv edəndə bizdən soruşmadılar"

Baş çəkdiyimiz kəndlərdə namizədlərlə görüşlərin keçirilmədiyini bildirdilər. Lovayin kəndinin yaxınlığında yol kənarında duran sakin isə bələdiyyə seçkiləri ilə bağlı bunları söylədi: "Televizora baxanam. Oradan eşitmişəm ki, yanvarın 29-da bələdiyyələrə səsvermə olacaq. Bizim kəndən orada bir namizəd də yoxdur. Orada nə işim var! Əvvəllər kəndin öz bələdiyyəsi var idi. Ləğv edib başqa kənddə yaratdılar. İndi də deyirlər ki, bələdiyyə bizdən bir az da uzaqlaşıb. Kəndin bələdiyyəsini ləğv edəndə bizdən soruşmadılar. Onda bizi səsverməyə nə üçün çağırırlar? Hava yaxşı olsa, səsverməyə, bəlkə, getdim. Mənsiz də keçinərlər".

Tarif Əliyev

Müxalifətdə olan Müsavat Partiyası Astara rayon təşkilatının sabiq sədri Tarif Əliyevin deməsinə görə, onlarda seçkiyə getmək səlahiyyəti yerli təşkilatların ixtiyarına verilib: "Biz isə seçkiyə getmirik. Seçkilər hakimiyyətin nəzarəti altında keçirilir. Məhdud imkanlara baxmayaraq, bələdiyyə seçkilərində iştirak edə bilərdik. Bələdiyyələr əhəmiyyətsiz quruma çevrilib. Hətta hakimiyyət özü də heç bir tutarlı səbəb olmadan seçkini vaxtında təyin etmədi. Belə bir seçkidə iştirak etməyi əlavə vaxt itkisi hesab edirik".

"Seçkili orqanı icra orqanına tabe etmək düzgün deyil"

Astara rayon Ərçivan qəsəbə bələdiyyəsinin sabiq sədri Rafiq Cəfərov da yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə seçkidə aktivliyin aşağı olmasını onların səlahiyyətlərinin yetərli olmamasında görür: "Dövlət bələdiyyələrin fəaliyyətini genişləndirmək üçün qrantlar verir. Amma elə şərait yardılmalıdır ki, bələdiyyə özünü dolandırsın, dövlətdən asılı olmasın. Qonşu ölkə olan Türkiyədə bələdiyyələrə böyük səlahiyyətlər verilib. Yaxşı da nəticə verir. Nümunə var. Bələdiyyə özünü maliyyələşdirə bilsə, çətin vaxtda xalqın yanında olsa, yollar çəksə, xalq səsvermədə iştirak edər, bələdiyyə seçkisi belə sönük keçməz. Seçkili orqanı icra orqanına tabe etmək düzgün deyil. Absurd bir işdir. Bu o deməkdir ki, xalq tərəfindən seçilmiş adam kiminsə tərəfindən təyin olunmuş məmura tabedir".

Onun fikrincə, bələdiyyələri gücləndirmək vacibdir: "Bələdiyyə həmişə xalqın yanında olmalıdır. Bələdiyyələr Milli Məclisdən sonra ikinci seçkili orqandır. Yəqin ki, bu seçkilərdən sonra bələdiyyələrin səlahiyyətlərini artıracaqlar. Pis, ya yaxşı seçki keçəcək".

Asən Həşimli

"Camaat seçki yox, yaşamaq uğrunda mübarizə aparır"

İctimai fəal Asən Həşimlinin deməsinə görə də, bələdiyyə seçkiləri əvvəlkilərdən sönük keçir: "Siz adamlardan soruşun, hansı namizədə səs verəcəklər? Bu sualı tanışlarıma vermişəm. Namizədi tanımırlar. Namizədi tanımırlarsa, kimə səs verəcəklər? Əvvəllər hər kənddə bələdiyyə var idi. Bələdiyyə uğrunda mübarizə də gözə dəyirdi. Maraqlı idi. İndi isə az qala 20 kəndin birlikdə cəmi bir bələdiyyəsi olacaq. Elə kəndlər var ki, bələdiyyəyə namizədi yoxdur. Onda maraq olmur. Səsverməyə az qalıb, namizədlər görüş keçirmirlər. Hələ əhalini görüşə toplamaq söhbəti var. Bahalaşma, işsizlik - bunlar hamısı seçkiyə təsir edir. Seçkilərdə saxtakarlıq növbəti seçki üçün problemlər yaradır. Camaat seçki yox, yaşamaq uğrunda mübarizə aparır".

O hesab edir ki, bütün hallarda səsverməyə getmək lazımdır: "Tanıdığım adamlara deyirəm ki, səsverməyə gedin, bülleteninizdən sizin əleyhinizə istifadə edə bilməsinlər. Əslində səsverməyə getmək vətəndaşın borcudur. Söz yox ki, bildiyini edəcəklər. Yeri gəlmişkən, bir iradımı da bildirim. Hər gün təşviqat lövhəsinin qarşısından keçirəm. Orada namizədlərin şəkilləri var. Bu lövhə fotoqrafın lövhəsinə oxşayır. Hər bir namizədin seçki platforması olmalıdır, lövhədə əksini tapmalıdır, seçici onunla tanış olmalıdır. O bu beş ildə hansı işləri görəcək? Yoxdur. Sanki bütün məsələlər qabaqcadan həll olunub".

Yazıda səslənən fikir və iradlarla bağlı dairə seçki komissiyasının məsul şəxsləri ilə danışmaq mümkün olmadı. Bu qurumda ümumən proseslərin qanunvericiliyə uyğun keçirildiyini deyirlər. Üstəlik, onların fikrincə, ölkədə seçkilər azad şəkildə keçirilir.

Xatırlatma

Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Əslində onun ötən ilin sonunda keçirilməsi gözlənirdi. Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir. Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar. Milli Məclisin üzvləri bu barədə tənqidlərə cavab verərkən gecikməni ötən il noyabrın 11-dən 22-dək Bakıda COP29 konfransının keçirilməsi ilə əlaqələndiriblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 min 606-ya düşürülüb. Ötən il də həmin proses davam edib, onların sayı yarıdan çox azaldılıb. Milli Məclis bunu bələdiyyələrin gücləndirilməsi istəyi ilə izah edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. Namizədlərin isə təqribən iki dəfə çox - 16 min olduğu açıqlanıb.