ABŞ Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərir

Ararat Mirzoyan və Antoni Blinken Vaşinqtonda strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar.

"Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək, biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik". Bunu ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması mərasimində deyib.

Yanvarın 14-də ABŞ və Ermənistan strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sənəd imzalayıblar. Bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona işgüzar səfəri zamanı baş tutub.

"Biz iqtisadiyyat, təhlükəsizlik və müdafiə, demokratiya, inklüzivlik və şəxsiyyətlərarası münasibətlər sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq komissiyası yaradırıq", - ABŞ dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, ABŞ Ermənistanla ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyir. O, strateji tərəfdaşlıq haqqında sənədin "daha dayanıqlı, dinc, təhlükəsiz və müstəqil" Cənubi Qafqazın yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

A.Mirzoyan Ermənistanın suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığını dəstəkləmək səylərinə görə Vaşinqtona minnətdarlığını bildirib. "Yerevan sülh gündəminə və Birləşmiş Ştatlarla sıx əməkdaşlığa sadiq qalır", - nazir vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamaq qərarının Ermənistanın suveren hüququ olduğunu bildirib: "ABŞ Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb; hətta bunun əksini demək olar. Bu hərəkətlər kontekstində Birləşmiş Ştatlar, əlbəttə ki, hər vəchlə yeni-yeni ölkələri öz arxasınca çəkməyə çalışır".

Quru dəhlizi məsələsi

Yanvarın 7-də Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində Ermənistanın strateji önəmli Sünik bölgəsindən Naxçıvana eksterritorial quru dəhlizinin açılmasını tələb edərək deyib: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Artıq demişəm ki, bizi qıcıqlandırmasınlar və anlasınlar ki, burada bizim söz demək haqqımız var. Müasir dünyada güc amili birinci yerdədir. Heç kim bunu unutmamalıdır".

Azərbaycan Sünik yoluyla Naxçıvana və əksinə daşınan malların, hərəkət edən insanların Ermənistanın sərhəd nəzarətindən keçməməsini istəyir.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.

Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı. Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.