Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:50

Borclarına, anlaşılmazlıqlara və boşandığına görə izlənən rusiyalı oliqarx FBI-ın da diqqətini çəkib


Vladimir Qusinski
Vladimir Qusinski

2022-ci il, dekabrın 12-də Federal Təhqiqat Bürosunun (qısa tərcümə variantı – FTB, hamılıqca bilinən qısa adı FBI -red.) iki agenti bir zamanlar Rusiyanın ən güclü adamlarından sayılan Vladimir Qusinskinin evinə gedib. Bu ev Nyu York civarında, yaşıllıqların qoynunda və Uoll-strit maqnatlarıyla əcnəbi seçkinlərin yaşadığı ultrazəngin Qrinviç qəsəbəsində yerləşir. Evin dəyəri 7 milyon dollar, sahəsi 1300 kvadratmetrdir. Qusinskini – 72 yaşlı oliqarxı evdə tapmayan agentlər onun xanımıı Elena Konstantinudan və evin işçilərindən Qusinskinin istefada olan FTB agenti Çarlz MakQoniqalla (Charles McGonigal) bağlantıları barədə soruşublar.

Qusinski ilə zaman keçirən MakQoniqal, azı, iki dəfə onun evində yemək də yeyibmiş. Agentlər Qusinski üçün işləyən keçmiş diplomat və MakQoniqalın keçmiş biznes yoldaşı Sergey Şestakov haqda da suallar veriblər. Onlar rusiyalı milyarder Oleq Deripaska, Rusiyanın 2015-ci ilin noyabrında Vaşinqtondakı bir oteldə boynu qırılmış vəziyyətdə ölü tapılan keçmiş mətbuat naziri Mixail Lesin haqda da soruşublar.

Daha sonra agentlər Qusinskiyə məxsus kompüter və elektron cihazları özləri ilə götürüblər. Onlar Qusinskinin ABŞ vizasının öncəki il qəfildən ləğv edilməsindən də danışıblar. FTB agentləri Qusinskinin bu evini toplam üç dəfə ziyarət ediblər.

Agentlərin ziyarətindən sonra…

FTB agentlərinin bu ziyarətindən təxminən beş həftə sonra - 2023-cü il yanvarın 21-də federal agentlər MakQoniqalı Nyu Yorkun Con Kennedi Beynəlxalq Hava Limanında Deripaskaya ABŞ sanksiyalarından yayınmaqda yardım göstərməkdə suçlayaraq həbs ediblər. Şestakov da eyni ittihamla Konnektikutdakı evində həbs olunub.

Konstantinu və digər yaxınlarının dediyinə görə, ertəsi gün Qusinski ABŞ-ni tərk edərək İsrailə uçub. O zamandan bəri oliqarx başqa pasportla bir neçə dəfə ABŞ-yə gəlib. Onun bu səfərləri, əsasən, otuz illik həyat yoldaşı Konstantinudan boşanma ilə bağlı məhkəmə prosesinə qatılmaqla bağlı olub.

AzadlıqRadiosunun əməkdaşları Mayk Ekel və Todd Prinsin hazırladığı materialda deyilir ki, hələ 2016-cı ildə keçirilən prezident seçkilərindən öncə ABŞ dövlət qurumları xarici təsirlərin çoxaldığına diqqət çəkirdi. Artıq bir neçə il idi ki, FTB özəlliklə Rusiya ilə bağlı əkskəşfiyyat və izləmə tədbirlərini gücləndirmişdi.

1990-cı illərdə Rusiyanın siyasi dünyasını şəkilləndirən media imperiyası qurmuş, keçmiş milyarder, işadamı Qusinski sonradan həbsə atılaraq, şirkətini satmağa məcbur edilib. Bundan sonra ona Rusiyanı tərk etmək əmri verilib.

Son illər Qusinskinin başı, azı, üç ölkədə onlarla adamı və şirkəti əhatə edən çoxsaylı məhkəmə şikayətinə qarışıb.

AzadlıqRadiosunun araşdırdığı yüzlərlə səhifəlik yazılı ifadə, məhkəmə qeydi, email yazışması, iş yoldaşlarıyla keçmiş dostların müsahibələri, biznesini ayaqda tutmaq üçün borclar və məhkəmə şikayətləri arasında çabalayan, ancaq həm də çoxdankı tanışları və keçmiş partnyorları ilə aradakı körpüləri yandıran biznesmenin hekayətini ortaya qoyur.

Qusinski barədə cinayət araşdırması aparılmır?

Hazırda Qusinskinin özü barədə cinayət araşdırması aparıldığını göstərən hər hansı dəlil yoxdur. FTB agenti MakQoniqal sanksiyalardan yayınma və pulyuma ittihamları ilə suçlu bilinərək, 4 illik həbs cəzasına məhkum edilib. Şestakov da bu kimi ittihamlarla gələn ay məhkəmə önünə çıxmalıdır.

Ancaq Qusinskinin ABŞ hüquq-mühafizə qurumlarının diqqət mərkəzində olduğu bilinir. Keçmişdə əməkdaşlıq etdiyi adamların qəzəb obyekti olması da öz yerində.

Qusinskinin sahibi olduğu “Inter TV” peyk televiziyası şirkətinə 20 il rəhbərlik etmiş Mixail Borşevski məhkəmə sənədlərində Qusinskini ona vəd etdiyi 500 min dolları və digər əməkdaşlara olan borclarını ödəməkdən boyun qaçırmaqda suçlayıb. Onun dediyindən belə çıxır ki, Qusinskinin bu borcları Londondakı bahalı mənzilinin satışından əldə etdiyi puldan ödəməsi gözlənilirmiş.

SSRİ-nin çöküşündən sonra gələn xaotik illər ərzində Qusinski bir məsləhətçi və bankçılıq şirkətini “Media-Most” adlı media imperiyasına çevirib. Bu imperiyanın tərkibinə Rusiyanın ilk özəl TV kanalı olan NTV də daxil idi. NTV Birinci Çeçen müharibəsi ilə bağlı tənqidi materialları ilə tanınırdı. Bu materiallarda Rusiya ordusuna qarşı ittihamlar, hüquq pozuntuları işıqlandırılır, prezident Boris Yeltsin qınanırdı.

1996-cı ildə Qusinski o zaman artıq oliqarx kimi tanınan başqa biznesmenlərlə birlikdə Yeltsinin seçki kampaniyasının arxasında durdu. NTV-nin prezidenti də kampaniyanın əsas köməkçilərindən biri idi. Yeltsinin qələbəsi Qusinskiyə Yeltsinin prezidentliyinin son illərində əlavə imkanlar açdı. Ancaq bu həm də onu Yeltsinin varisi olacaq adamla – Vladimir Putinlə qarşıdurmaya sürüklədi.

Putinin seçkidə qələbəsiylə Qusinskinin qara günləri başlandı

2000-ci ilin iyununda, Putinin seçkidə qələbə qazanmasından ikicə ay sonra Qusinski fırıldaqçılıq ittihamları ilə həbs edildi. O və dəstəkçiləri bu həbsin tamamilə siyasi olduğunu iddia etdilər. İki ay sonra o, NTV və “Media-Most” qrupunu 300 milyon dollara dövlətə məxsus qaz şirkəti “Qazprom”a satmağa və şirkətin borclarını öz öhdəsinə götürməyə razılıq verdi.

O, eyni zamanda Rusiyanı birdəfəlik tərk etməyə də razı oldu. Kremlin adından bu təklifi ona çatdıran adamsa Lesin idi.

Sonrakı illər ərzində Qusinski İspaniya, Tel-Əviv, London və Qrinviçdəki evlərindən Rusiya auditoriyası üçün televiziya proqramları yaratmaq planını ortaya qoydu. Bu plan son dərəcə uğurlu oldu. “New Media Distribution” adlı şirkət Rusiya kanallarına və sonradan Qusinskinin özünün həmtəsisçisi olduğu bir Ukrayna əyləncə kanalına yüzlərlə saatlıq proqram satdı. Şirkətin portfoliosunda minlərlə başlıqda televiziya proqramı və film var (“portfolio” deyərkən, konkret sahəyə aid və əsasən, görüntülü bilgilərdən oluşan albom nəzərdə tutulur -red.).

Ancaq 2014-cü ildə işlər düz getmədi. Rusiyanın Krımı ilhaq etməsinin ardınca Qərb ölkələri Rusiya şirkəltəri, siyasətçiləri və oliqarxlarını sanksiyalara məruz qoydu. Ukrayna kanalları daha serialları almamağa başladı. Qusinskinin özünə sanksiya tətbiq edilməsə də, onun şirkətinin gəlir götürməklə bağlı çətinlikləri yarandı.

Eyni ildə o zaman artıq Kremlin mətbuat naziri olmayan, ancaq “Qazprom Media”da yüksək vəzifə tutan Lesin Qusinskinin televiziya serialları ilə bağlı kontraktlarını yenidən gözdən keçirdi. Məsələdən bilgili şəxslərin dediyinə görə, o, serialların çox baha olmasından şikayətlənirmiş.

2014-cü ilin sonuna Lesin bilinməyən şərtlərdə “Qazprom”dakı işindən çıxarılır.

2015-ci il, noyabrın 5-də isə Lesin Vaşinqtonda bir otel otağında ölü tapılır. ABŞ qurumlarının rəsmi təhqiqat sənədlərində onun bədənində “yıxılmalardan qaynaqlanan” küt zərbə izləri və “kəskin etanol zəhərlənməsinin” aşkar edildiyi bildirilir.

AzadlıqRadiosunun eksklüziv olaraq əldə etdiyi rəsmi autopsiya sənədində isə onun boynundakı dil sümüyünün qırıldığı deyilir. Bu isə rəsmi izahla bağlı suallar doğurur.

2018-ci ilin sonlarında Qusinskinin maliyyə işləri ağır durumda idi.

Maraqlı qonaqlar?

FTB agentlərinin ziyarətindən dörd ildən çox öncə Qusinskinin evinə başqa maraqlı qonaqlar gəlib.

2018-ci ilin aprelində onun evini Yeltsinin kiçik qızı Tatyana Dyaçenko və əri Valentin Yumaşev ziyarət edib.

Qusinski bu cütlüyü hələ NTV-dən, Yeltsinin seçki kampaniyası üçün istifadə etdiyi 1990-cı illərdən tanıyırdı.

Konstantinu xatırlayır ki, üç saatdan çox sürən nahar zamanı müxtəlif mövzulardan, o cümlədən bir neçə həftə öncə Deripaskaya qoyulan sanksiyalardan söz açılıb. Bu sanksiyalar Deripaskanın Qərbdəki aktivlərinə çıxışını ciddi məhdudlaşdırırmış.

ABŞ hüquq-mühafizə qurumları ilə problemləri və respublikaçı əməliyyatçılarla dərin bağları olan milyarder metal maqnatı Deripaska o zaman Yumaşevin qızı Polinadan ayrılma prosesində idi.

Konstantinu xatırlayır ki, Yumaşev və Dyaçenko Deripaskanın üzləşdiyi sanksiyalardan bəzilərinin aradan qaldırılmasına Qusinskinin kömək edə bilib-bilməyəcəyi ilə maraqlanıblar.

AzadlıqRadiosunun “Yeltsin Mərkəzi” vasitəsilə əlaqə saxladığı Dyaçenko və Yumaşev açıqlama verməkdən boyun qaçırıblar.

XS
SM
MD
LG