Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 12:05

Ukraynalılar nədən orduya çağırış yaşının endirilməsini istəmirlər?


Kiyev yaxınlığındakı hərbi bazada təlimlərin bitməsini qeyd edən yeni əsgərlər.
Kiyev yaxınlığındakı hərbi bazada təlimlərin bitməsini qeyd edən yeni əsgərlər.

Svetlana Pokalçuk yetkinlik yaşına çatacaq hər iki oğlunu hərbi xidmətdən yayındırmaq üçün ölkə xaricinə göndərib.

"Bilmirəm, artıq neçə oğul itirmişik", - Pokalçuk AzadlıqRadiosunun Ukrayna xidmətinə belə deyib və davam edib: "Özünüz Facebook-da görürsünüz qohumlarını axtaran neçə-neçə adam var. Bir ana kimi qanım qaralır, dərd basır məni".

Təkcə Svetlana belə düşünmür

Ukraynanın əsas hərbi dəstəkçisi ABŞ ölkədə hərbi xidmət yaşını 25-dən 18-ə endirməyə çağırıb. Axı Ukrayna əsgər çatışmazlığı fonunda irəliləyən Rusiya qoşunlarına qarşı mübarizə aparmağa çalışır. Bu da bəzi ukraynalı ailələri oğullarını əsgərliyə getməmələrindən ötrü xaricə göndərməyə məcbur edir.

"Birinci səbəb onların [birbaşa] güvənliyidir. Bu, ana üçün ən vacib şeydir. İkincisi, orduya çağırış yaşıdır. Onlar hələ çox gəncdirlər və gərəkli hərbi təlim görməyiblər", - yenə S.Pokalçukun sözləridir.

Svetlana Pokalçuk
Svetlana Pokalçuk

Ötən ilin aprelində Ukrayna səfərbərlik yaşını 27-dən 25-ə endirsə də, noyabrda Bayden administrasiyası Ukraynanı əsgərlik yaşını 18-ə salmağa çağırdı.

Yanvarın 12-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təyin etdiyi milli güvənlik müşaviri Mayk Valts bu çağırışı təkrarladı.

Qırğına göndərilən uşaqlar

Kiyev küçələrində insanların bu məsələyə reaksiyası mənfidir.

"Mən, ana və nənəyəm. Qəti şəkildə buna qarşıyam", - qadınlardan biri "Current Time"a belə söyləyib və ardınca əlavə edib: "18 yaşındakılar hələ uşaqdırlar. Onlar uşaqları qırğına göndərəcəklər".

Başqa bir qadınsa dünyaya uşaq gətirən olmayacağını və bu təklifə mənfi münasibətin təməlində dərin təlaş hissinin olduğunu deyib.

18-25 yaş qrupu Ukraynanın əməkqabiliyyətli əhalisinin ən zəif bölümüdür. Sovet İttifaqının çöküşündən sonra - 1990-cı illərdə doğuş sayının kəskin azalması 2000-ci illərdə də ara verməyən iqtisadi çətinliklər ortamında davam etdi.

"Ölkə tarixində ən aşağı doğum səviyyəsi 2001-ci ildə qeydə alınıb", - bunu Ukrayna Elmlər Akademiyasının Demoqrafiya İnstitutu direktorunun müavini Oleksandr Qladun deyib və fikrini belə tamamlayıb: "İndi bu kəsimə mənsub olanlar ən azsaylıdır. Bu da o deməkdir ki, 25-30 il ərzində doğulan uşaqların sayı daha da azalacaq".

Rəsmi bilgilərə görə, "demoqrafik boşluq" deyilən bir şey peyda olub. Əslində, əhalinin gerçək sayı daha da azdır. Axı ölkəni tərk edənlərin çoxalması, ilk növbədə, iqtisadi amillər, sonra da savaş üzündən baş verib.

Araşdırmalara dayanan Qladun deyir ki, Ukrayna tələbələrinin 25 faizi təhsilini xaricdə davam etdirmək istəyir: "Bu, bəlkə də, əhalinin bir bölümünü ölkəni tərk etməyə, uşaqlarını xaricə aparmağa daha çox məcbur edəcək".

Gerçək durum

Bütöv mənzərəyə baxanda hərbi xidmətə belə dirənişləri çağırış məntəqələrindəki korrupsiyaya dair xəbərlər lap qızışdırır. İddiaya görə, imkanlı insanlar hərbi xidmətə çağrılmamaq üçün qanuni yollar tapırlar. Ötən il aparılan araşdırmalar nəticəsində məlum olub ki, dövlət məmurları yalandan əlillik ödənişlərini səbəb gətirərək hərbi xidmətdən yayınıblar.

İyunda keçirilmiş sorğunun nəticələrinə görə, ukraynalıların 46 faizinin fikrincə, hərbi xidmətdən yayınmaqda utanılası heç nə yoxdur. Sorğuya qatılanların 25 faizi isə bu suala cavab verə bilməyib.

Dekabrda Ukrayna prezidenti Volodimir Zelenski Brüsselə səfəri zamanı jurnalistlərə istehzalı tərzdə deyib ki, problem qoşunların sayında deyil, silah və texnika çatışmazlığındadır.

O, uzun müddətdir Ukraynanın Qərbdəki müttəfiqlərini ölkəyə silah tədarükünü artırmağa çağırır.

"Rica edirəm deyin, qarşınızda silahsız bir insan varsa, onun 20 və ya 30 yaşında olmasının fərqi var sizə? Heç bir fərqi yoxdur", - Zelenski ötən ay bu sözləri dilə gətirib.

Düzdür, Zelenski ordunun gənc döyüşçülərə ehtiyac duyduğunu da etiraf edib. Ukraynada oğlanları küçələrdə yaxalayıb orduya cəlb etməyə dair videolar bu problemə eyham sayılır.

Siyasi basqı Zelenskinin öz fikrini dəyişdirməyə məcbur edə bilər. Tramp artıq aydın şəkildə bildirib ki, Ukraynanı hərbi yolla dəstəkləməyə meylli deyil və sülh danışıqları üçün Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir.

Trampın rəğbətini qazanmaq istəyən Zelenski güzəştə getməli ola bilər.

Bu yazını AzadlıqRadiosu Ukrayna xidmətinin əməkdaşı Rey Ferloq və "Current Time" hazırlayıb.

XS
SM
MD
LG