Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:12

Redaktor: ''Honi' jurnalının çətinlikləri var'


Rafiq Cəlilov
Rafiq Cəlilov

Talış dilində uşaqlar üçün nəşr edilən "Honi" (Çeşmə) jurnalı rəhbərliyinin deməsinə görə, bir çox çətinliklərlə üzləşiblər.

Jurnalın naşiri və sahibi "Tolışi sədo" (Talışın səsi) qəzetinin baş redaktoru Rafiq Cəlilovdur. Onun vurğulamasına görə, jurnal qəzetin nəzdində yaradılıb: "Jurnal 2024-cü ilin aprel ayından çıxır. Yeddi nömrəsi çap olunub. Maliyyədə çətinliklərimiz var. Reklam yoxdur. Problemlərlə əlaqəli "Tolışi sədo" qəzetinin çapını dayandırdıq. Jurnal onun nəzdində çıxır".

"Talış dilində şeir və hekayə yazanlar çoxdur"

Redaktorun sözlərinə görə, "Tolışi sədo" qəzetinin yayılmasında maneələr olurdu. Amma onun əlavə etməsinə görə, jurnalın yayılmasında hələ ki problem yoxdur: "Azərbaycanda talışların kompakt yaşadıqları ərazilərdə yerləşən məktəblərdə həftədə bir dəfə olaraq bir saat talış dilində dərs keçirilir. "Honi" jurnalı talış dilində dərs deyən müəllimlərə kömək olar. Talış dilində şeir və hekayə yazanlar çoxdur. Burada çətinlik görmürəm. Jurnalı özümüz rayonlara paylayırıq".

Şirəli Əliyar
Şirəli Əliyar

"Borcumuzdur ki, dədə-babalardan qalan dili yaşadaq"

Talış dilində roman və hekayələrin müəllifi Şirəli Əliyar "Honi" jurnalının nəşrini müsbət hadisə hesab edir: "Bizim dilimiz talış dilidir. Hökumət məktəblərdə dərs keçmək üçün dərsliklər buraxıb. Bu, dördüncü sinfə qədərdir. Amma biz belə hesab etdik ki, talış balalarına bu kifayət deyil. Qərara gəldik ki, "Honi" (Çeşmə) adında uşaq jurnalı buraxaq. Bu jurnalda uşaq şeirləri, hekayələri, nağılları çap olunur. Bu da Talış dilini tədris edən müəllimlərə əlavə dərs vəsaitidir. Dil varsa, millət yaşayır, yoxdursa, millət yaşamır. Bizim borcumuzdur ki, dədə- babalardan qalan dili yaşadaq".

Aqil Yaqub
Aqil Yaqub

Şair, publisist Aqil Yaqub da hesab edir ki, Azərbaycanda azsaylı xalqların dilinin qorunmasında mətbu orqanları vacib rol oynayır: "Ölkəmiz üçün yaxşı haldır. "Honi" jurnalının bir nömrəsi ilə tanış oldum. Mənə çox maraqlı göründü. Bu uşaq jurnalı ilk qaranquşlardandır. O mənada bunu təqdir edirəm. Jurnalda çap olunan yazılara diqqət etdim. Uşaq şeirləri, qısa hekayələr təqdim olunub. Çox istərdim ki, bu jurnal daha əlvan və maraqlı çıxsın. Talış folklor nümunələrini uşaqlara çatdırmaq lazımdır. Dil baxımından daha çox yayılmış talış dialektindən istifadə edilməlidir. Talış dili dərsliklərinə yaxşı kömək olar".

Yazıda səslənən fikirlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, Azərbaycanda milli azlıqların hüquqlarının qorunduğundan bəhs edirlər.

XS
SM
MD
LG