Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 23:12

HRW: 2024-cü ildə də Azərbaycan hökuməti ölkədə tənqidçilərə qarşı repressiyaları dayandırmayıb


Həbs
Həbs

"Human Rights Watch" (HRW) beynəlxalq insan haqları təşkilatı yanvarın 16-da bu il üçün qlobal hesabatını diqqətə yetirib. Orada Azərbaycana ayrıca bir bölüm ayrılıb. Bu bölümdə ötən il Azərbaycanda təməl hüquqların durumundan söz açılır, insan hüquqlarının pozulduğu hallardan söhbət gedir, ayrı-ayrı olayların zaman ardıcıllığı və detalları verilir.

Hesabatda bildirilib ki, 2024-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə COP29 Konfransına ev sahibliyi etdiyi dövrdə belə Azərbaycan hökuməti ölkədə tənqidçilərə qarşı repressiyaları dayandırmayıb.

"Konfransdan öncəki aylarda hakimiyyət orqanları jurnalistlər, insan hüquqları müdafiəçiləri və fəallar da daxil, onlarla şəxsi siyasi gərəkçəli ittihamlarla həbs edib. Söz, sərbəst toplaşma və təşkilatlanma azadlıqları hüquqlarına müdaxilə olunub, vətəndaş cəmiyyətini iflic edən qanunlar tətbiq edilib. Həbsxanalarda işgəncə və qaba davranış halları da ara verməyib", - hesabatda belə yazılıb.

Sənəddə ötən ilin fevral və sentyabr aylarında ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinə də toxunulub. Bildirilib ki, bu seçkilər "azad və ədalətli seçki standartlarına cavab verməyib və tənqidi səslərin boğulduğu və rəqabətin olmadığı ortamda gerçəkləşib".

HRW xatırladıb ki, Azərbaycan hökuməti əsas öhdəlikləri yerinə yetirmədiyindən ötən ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkənin nümayəndə heyətinin mandatını ratifikasiya etməyib.

Fərid Mehralızadə
Fərid Mehralızadə

Hökumət tənqidçilərinin izlənməsi

Təşkilatın hesabatında bildirilib ki, öncəki illərdəki kimi, 2024-cü ildə də bənzər basqılar sürüb və hakimiyyət orqanları nüfuzlu tənqidçiləri hədəf alıb: "Siyasi müxaliflərə, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı yalan və əsassız ittihamlar irəli sürülüb".

Xatırladılıb ki, ötən il hakimiyyət iki doktorantı - İkinci Qarabağ savaşının açıq tənqidçisi Bəhruz Səmədovu və talış etnik azlığı üzrə ixtisaslaşan İqbal Əbilovu xəyanət ittihamları ilə həbsə atıb.

Sənəddə hökumət tənqidçiləri sırasında seçki müşahidəçi qrupunun rəhbəri Anar Məmmədlinin, keçmiş diplomat Emin İbrahimovun, iqtisadçı şərhçi Fərid Mehralızadənin, müxalifət fəalı Tofiq Yaqublunun, parlament analizləri təqdim edən saytın təsisçisi İmran Əliyevin və 2023-cü ildə İsveç tərəfindən sığınacaq müraciəti rədd edildikdən sonra deportasiya olunan onlayn tənqidçi Famil Xəlilovun həbslərinə də diqqət çəkilib, onların hamısının məhkəmə iclaslarınadək həbsdə saxlanıldığı vurğulanıb.

2023-cü ilin iyulunda "saxtakarlıq və ekstremizm" ittihamları ilə həbs edilmiş Qubad İbadoğlunun ötən ilin aprelində ev dustaqlığına buraxıldığı və hələ də ciddi polis nəzarətində qaldığı qeyd olunub.

Sürən istintaqlar çərçivəsində hökumətin bir çox şəxsə səyahət qadağası tətbiq etdiyi də bildirilir. Belə şəxslərdən Bəhruz Səmədovla bağlı istintaqı müstəqil şəkildə araşdıran Cavidan Ağayevin və jurnalist Səməd Şıxının adları çəkilir.

"Human Rights Watch" hesabatında 2024-cü ilin mayında Azərbaycan prezidentinin əfv fərmanı imzaladığını, ancaq siyasi motivli ittihamlarla həbsdə olan heç bir şəxsin adının siyahıya daxil edilmədiyini vurğulayır.

Ülvi Həsənli
Ülvi Həsənli

Söz azadlığı və media

Sənəddə Azərbaycanda söz və media azadlığının durumu da əksini tapıb. Xatırladılıb ki, "2023-cü ilin noyabrından bəri hakimiyyət orqanları, ən azı, üç müstəqil media platformasını – "AbzasMedia"nı, ToplumTV-ni və "Kanal 13"ü hədəf alıb, onların müxbirlərini və digər işçilərini saxta qaçaqmalçılıq ittihamları ilə həbs edib". Bu media orqanları ilə bağlantılı, ən azı, 12 media işçisi və digər şəxslərin hələ də həbsdə saxlanıldığı vurğulanıb. Onların arasında Ülvi HəsənliSevinc Vaqifqızının, Hafiz Babalı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Elnarə Qasımova, Şamo Eminov, Müşfiq Cabbarov Əziz Orucov da daxil, bir çox jurnalist və media işçisinin adları var.

Sənəddə deyilir ki, 2024-cü ilin avqustunda "AbzasMedia" jurnalistlərinə və Fərid Mehralızadəyə qarşı vergi ödəməmək, sənəd saxtalaşdırmaq və pul yuyulması kimi ittihamlar irəli sürülüb.

Hesabatda ötən ilin martında ToplumTV ofisinin möhürlənməsi, bütün avadanlıqlarının müsadirəsi, eləcə də ToplumTV ilə əməkdaşlıq edən beş vətəndaş cəmiyyəti və siyasi fəalın - Akif Qurbanovun, Ruslan İzzətlinin, İlkin Əmrahovun, Ramil Babayevin və Ələsgər Məmmədlinin həbsinə diqqət çəkilib.

Sənəddə 2023-cü ildə Söyüdlü kəndində baş vermiş etirazlara qatılan bir şəxsin narkotik maddə saxlaması ittihamı ilə cəzalandırıldığı faktı da yer alıb.

Polis işgəncəsi
Polis işgəncəsi

İşgəncə və qaba davranış

Hesabatda saxlanılanlarla qaba davranıldığı və onlara işgəncə verildiyi halların olduğu bildirilir. Polis tərəfindən zorakılığa, işgəncə və pis rəftara məruz qalmalarıyla bağlı Fazil Qasımovla İmran Əliyevin ifadələrinə diqqət çəkilib. Sənəddə 20 il həbs cəzasına məhkum edilmiş dindar Taleh Bağırzadənin həbsxanada olduqca pis şəraitdə saxlanılmasına dair ifadəsi də qeyd olunub. Həbsdə olan jurnalist Ülvi Həsənlinin təcridxanada, ən azı, 58 işgəncə və ya qaba davranış halını sənədləşdirməsi ayrıca vurğulanıb.

Sənəddə "Tərtər işi" ilə bağlı məqamlar da yer alıb. Qeyd olunub ki, 2024-cü ilin oktyabrınadək Tərtər hadisələrində hərbçilərə işgəncə verilməsinə görə 18 hərbi qulluqçu azadlıqdan məhrum edilib. Bu şəxslər işgəncə, qeyri-insani rəftar, ağır bədən xəsarətləri yetirmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə məhkum ediliblər.

Hesabatda xatırladılıb ki, Azərbaycan Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi (CPT) ilə əməkdaşlıqdan boyun qaçırıb. Təşkilat rəsmi Bakının bu addımını kəskin tənqid edərək onu Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının "əsaslı və misli görünməmiş pozuntusu" kimi qiymətləndirilib.

Hesabatın "Cinsi oriyentasiya və gender kimliyi" bölməsində Azərbaycanda LGBT üzvlərinin həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən pis rəftara, şantaja, əsassız həbslərə və ayrıseçkiliyə məruz qaldığı qeyd olunub. Media məlumatlarına dayanan sənəddə bildirilib ki, ayrıseçkilik transgenderlərin mənzil və iş tapmaqda çətinlik çəkməsinə səbəb olur.

HRW bildirib ki, Azərbaycanda hökumətin vətəndaş cəmiyyətinə artan basqıları LGBT hüquqları təşkilatlarına da təsir göstərib. Nəticədə bu təşkilatların bir çoxu güvənlik səbəbi ilə fəaliyyətini məhdudlaşdırıb və ya tam dayandırıb.

Hesabatda vurğulanıb ki, LGBT üzvlərini hələ də polis hədəfə alır və hakimiyyət orqanları cəmiyyətin bu fərdlərinə qarşı basqı və ayrıseçkilik hallarına reaksiya vermir.

Azərbaycanla Ermənistan arasında münasibətlərin durumu builki hesabatda da yer alıb. Bildirilib ki, yekun sülh sazişinə dair danışıqlar sürsə də, sərhəddəki gərginliklər ara-sıra toqquşmalara yol açıb.

"Azərbaycanın bəyan etdiyi öhdəliklərinə baxmayaraq, 2023-cü ilin sentyabrında Qarabağı tərk etmiş etnik ermənilərin güvənli və ləyaqətli şəkildə geri qayıtmaq hüququnu təmin etmək və ya onların əmlak hüquqlarını bərpa etmək üçün ciddi addımlar atılmayıb", - hesabatda belə qeyd də var.

Azərbaycan hökuməti, hələlik, sözügedən hesabata münasibət bildirməyib. Ancaq rəsmi Bakı, bir qayda olaraq, beynəlxalq insan haqları təşkilatlarının hesabatlarındakı tənqidləri qəbul etmir və bunları qərəzli adlandırır.

Hökumət vurğulayır ki, Azərbaycanda heç kəs siyasi baxışlarına görə təqib olunmur və buna görə də ölkədə siyasi məhbuslar yoxdur.

Azərbaycan hökuməti hər zaman bəyan edir ki, ölkədə təməl insan haqlarına və azadlıqlarına hörmətlə yanaşılır.

Ancaq son bir ildən artıq müddət ölkədə jurnalistlərin, fəalların həbslərinin artması hakimiyyətə çağırışları da intensvləşdirib. Bir sıra beynəlxalq insan haqları qrupları, Bakıda bəzi qərb diplomatları hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

XS
SM
MD
LG