"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova 8 il həbs cəzası kəsilib. Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.
İctimai fəal Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə təqsirli bilinib. O, Səfər Hüseynov adlı şəxsə bıçaqla yaralamaqda suçlanır.
A.Məmmədov hökmdən öncəki son sözündə heç kimi bıçaqlamadığını, heç bir cinayət törətmədiyini, sadəcə, işçi hüquqlarını qoruduğuna görə cəzalandırıldığını bildirib. O, 14 yaşından işçi hüquqlarının müdafiəsi ilə məşğul olduğunu vurğulayıb. İctimai fəal 2022-ci ilin martında bir qrup ictimai fəalla birləşərək işçilərin hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilat yaratmaq qərarı verdiklərini və bundan sonra "İşçi Masası"nın qurulduğunu söyləyib: "Ardınca üç dəfə məni inzibati qaydada şərləyib həbs elədilər. İki üzvümüzü narkotiklə şərlədilər. Belə bir məsəl var: İtə deyirlər ki, niyə hürürsən? Deyir, qorxuduram. Soruşurlar, bəs niyə quyruğunu bulayırsan? Deyir, qorxuram. Bu hakimiyyətin də idarəçiliyi belədir".
"Bu yolla saxta sübut yaratmaq istəyirdilər..."
Suçlandığı bıçaqlanma olayına gəlincə, A.Məmmədov yada salıb ki, 2023-cü il sentyabrın 20-də yaşadığı evdən çıxarkən onun üstünə bir nəfər hücum edib. Ardından ətrafdan çıxan polislər onu saxlayıb, 34-cü polis bölməsinə gətirib. Orada əlləri qandallı vəziyyətdə yerə yıxıb zorla əlinə bıçaq veriblər: "Bu yolla saxta sübut yaratmaq istəyirdilər ki, bıçaqda mənim əl izim olsun. İndi siz də utanmadan bu işlə bağlı hökm çıxaracaqsınız".
İctimai fəalın son sözündən bir neçə dəqiqə sonra hakimlər onun haqqında 8 illik hökmü elan edib.
Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna hökmü əsassız və ədalətsiz saydığını bildirib. Vəkilin sözlərinə görə, məhkəmə prosesi boyunca tərəflərin bərabərliyi prinsipi pozulub, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb: "Hökmdən apellyasiya şikayəti verəcəyik".
Xatırlatma
A.Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. Cinayət işinin materiallarında iddia olunur ki, o, Xətai rayonundakı Məhəmməd Hadi küçəsi ilə gedərkən S.Hüseynov adlı şəxslə toqquşanda aralarında mübahisə yaranıb. Bu zaman cibindən bıçaq çıxarıb və ona xəsarət yetirib.
A.Məmmədov isə deyir ki, S.Hüseynov da onu həbs etməkdən ötrü öncədən qurulmuş planın icraçısıdır: "Sentyabrın 20-də toya getməyə hazırlaşırdım. Blokdan çıxanda bir kişi mənə tərəf gəldi, yanında bir qadın da vardı. Üstümə hücum eləyib yaxamdan yapışdı. Əlində bıçaq vardı, onu almağa çalışanda əlim də kəsildi. Sifətimdən vurdu, burnumdan qan açıldı. Yerə yıxıldım, indi də kürəyimdə izləri qalıb. Təxminən üç dəqiqə sonra polislər gəldi".
A.Məmmədov kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılması ilə əlaqədar avqustun 1-də etiraz aksiyası keçirdiklərini xatırladıb. Elə həmin gün ona 30 sutka inzibati həbs cəzası verilmişdi: "Mən inzibati həbsdə olduğum müddətdə "İşçi Masası"nın digər üzvlərini şərləyib həbs elədilər. Avqustun 4-də Elvin Mustafayevi, 11-də isə Ayxan İsrafilovu narkotiklə şərlədilər. Mən 30 sutkalıq həbsdən çıxanda da izləndiyimi hiss eləyirdim. Evimizin ətrafında həmişə müxtəlif adamlar dayanırdı".